İlham Əliyev və xanımının sərgidən - - Fotoları

ilham-eliyev-ve-xaniminin-sergiden-
Oxunma sayı: 3171



Bu gün  Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası (“Caspian Oil and Gas”) sərgi və konfransı işə başlanıb.

"Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Mərasimi Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud açdı.

Dövlət başçısı açılış mərasimində nitq söylədi.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın təbrik məktubunu oxudu.

Sonra Böyük Britaniyanın Baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri Baş nazir Devid Kemeronun təbrik məktubunu oxudu.

Daha sonra dövlət başçısı və xanımı sərginin pavilyonları ilə tanış oldular.

Məlumat verilib ki, bu il “Caspian Oil and Gas” sərgisinin yubileyi əlamətdar bir tarix – sərginin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilmişdir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini “dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma” hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, gələcək əməkdaşlığa dair sazişlərin və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsindən 5 min 600 şirkət iştirak edib.