İmranın ayaqları

imranin-ayaqlari
Oxunma sayı: 2574


Öncə vicdan itir, sonra məsuliyyət hissi, daha sonra bir körpənin ayaqları, o ayaqların yüyürüb çata bilmədiyi arzular, bir ata-ananın ümidi... Bir evdə bir çıraq öləziyir beləcə, alovdan bir köz qalır bir ocaqda... Ölməyən təkcə ümidlər olur. Yaxşı ki, ümidlər ölməyi bacarmır.

O ümidlər bir də nə zamansa insanlarda məsuliyyət hissinin itməyəcəyinə, vicdanların oyanacağına köklənir.

Nabranda baş vermiş faciə hər birimizi üzdü. İki yaşlı İmran Cəfərzadə istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içıərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Avvapark” adlı qurğu işlək vəziyyətə gətirilib. Həmin vaxt su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqdakı iki yaşlı İmranın hər iki ayağı həmin borunun içərisinə daxil olub. Gerisi məlum...

Balaca İmranın ilk addımları, toppuş ayaqlarını qorxa-qorxa yerə basması, divarlardan tuta-tuta yeriməsi ata-anasının, doğmalarının yaddaşında kədərli xatirəyə çevrildi. Adətən valideynlər, uşaqları böyüdükdən sonra həmin anları şirin bir xatirə kimi xatırlayırlar. Bu dəfə belə olmayacaq... Körpə balasını çiynində gəzdirməkdən yorulmayan, əksinə, qürrələnən atanın həmin çiyinlərinə məsuliyyətsiz, səhlənkar, bivec böyüklər ağır yük qoydular.

Bir uşağın ayaqları böyüklərin soyuq başının güdazına getdi. Gələcəyə gedən arzular, ümidlər baxın, bu cür yarı yolda qoyuldu.

Sosial şəbəkələrdə böyük etirazla qarşılanan hadisə haqda artıq cinayət işi başlanılıb. İmranın müalicəsi üçün isə tələb olunan vəsaitə ailənin gücü çatmır. Sosial şəbəkələrdə İmrana yardım üçün qrup da yaradılıb. Təki ümidlər doğrulsun...

Ümumiyyətlə, cinayət törədildikdən sonra kimin hansı məsuliyyətə cəlb olunmasının zərərçəkən üçün az əhəmiyyəti var. Bir insan əzalarını itirir, buna bais olanlar isə ya məsuliyyətdən necəsə yaxa qurtarır, ya da cəzalarını çəkib qayıdır, həyatına qaldığı yerdən davam edir. Bəs zərər yetirilən adamın çəkdiyi ağrı-acı? Ömür boyu yaşayacağı əzab, çəkəcəyi əziyyət? Solan arzuları, ümidləri, doğmalarının qurumayan göz yaşı, sinəsindəki dağ? Bunların hesabını kim verəcək?

Adam heç cür inana bilmir ki, bu qədər insana xidmət edən, başı pul qazanmağa qarışmış insanlar bu cür məsuliyyətsizlik, başısoyuqluq edə bilər. İnsanların təhlükəsizliyini təmin etmək barədə düşünmədən necə pul qazanmaq, gəlir, mənfəət güdmək haqda düşünürlər görəsən? Adam çörəyi halallıqla qazanar, ya yox?

Yenə də ümidimizi üzməyək. İnanaq ki, bir körpənin xilası mümkün olacaq.

Uşaqlar bizim gələcəyimizdi axı! Gələcəyimizin bir parçası olan iki yaşlı İmranın Tanrının, insanların və öz iradəsinin gücünə gələcəyə doğru addımlayacağına inanaq.

Tanrı yardımçısı olsun!