“İstəyirik ki, xalqlarımız yaxşı yaşasın” - Prezident

isteyirik-ki-xalqlarimiz-yaxsi-yasasin
Oxunma sayı: 652

Avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər. Prezident İlham Əliyev həmkarının Azərbaycana səfərinə çox böyük əhəmiyyət verdiyini deyib:

"Əminəm ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq.

Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik, siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı nəticələr var. Bu gün təkbətək görüşdə müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, bizim mövqeyimizdə eyni yanaşma var. Biz istəyirik ki, Türkmənistan ilə Azərbaycan həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlasınlar, bu əlaqələr daha da inkişaf etsin. Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir.

Mən Sizi bir daha səmimiyyətlə Azərbaycanda salamlayıram, bir daha “Xoş gəlmisiniz” deyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır".