“Lap evlənsən mən səni evindən oğurlaram” - Svetayevadan Bloka

lap-evlensen-men-seni-evinden-ogurlaram-svetayevadan-bloka-
Oxunma sayı: 968









Bu dünyada hamının əlindən allam səni.
Təkcə mənim olarasan, tək sənin ollam, sənin.
Səni mənim əlimdən Allah da ala bilməz,
Yer də, göy də, qılınc da, bayraq da ala bilməz,
Qovaram o qapında keşik çəkən iti də,
Möhkəm-möhkəm bağlaram, qıfılı, kilidi də,
Açarı da tullaram pəncərədən o yana.
Səndən bir tük də düşməz özgələrin payına.
Səhərəcən qapında qoy ulasın o köpək,
Hansı it sənə məndən yaxşı keşik çəkəcək.

Lap evlənsən mən səni evindən oğurlaram,
Ər olmassan heç kəsə, heç kəsə yar olmaram.
Lap ölüm ayağında allam ölümdən səni
Amma necə alım mən sənin əlindən səni.
Yenə getdin qalmadın, bir gör nə günə qaldım.
Yenə mənim olmadın, yenə özünə qaldın.

***

Sənin adın

Sənin adın – quş kimidi əlimdə
Sənin adın – buz kimidi dilimdə.
Sənin adın – hərflərin beşidi
Dodağımın bircə tərpənişidi
Cingildəyən gümüş zınqırovdumu?
Havadaca tora düşən topdumu?

Sənin adın – bu bahar gecəsində
Çöldən keçən atların nal səsində
Sakit çölə bir daş atsam bu gecə,
Qulağıma sənin adın gələcək,
Gicgahıma güllə sıxsam qəfildən,
Adın qopar şaqqıldayan tətikdən,


Sənin adın – necə deyim, ax, necə?! –
Yuxulu gözdən bir öpüşdür gizlicə,
Sonra çıxıb tez qapını örtməkdi,
Sənin adın – qışda qarı öpməkdi.
Bircə qurtum sərin sudu, sərin su,
Və lap dərin bir yuxudu, bir yuxu.


***


Varlı adam, – sevdi kasıb bir qızı,
Ağıllı da sevdi bir ağılsızı,
Xəstə qıza vuruldu bir pəhləvan,
Ən yaxşıya qismət oldu, ən yaman,
Saf qızıla, mis qatıldı, ay aman.

– Varlı qardaş nə gündəsən, nə gündə?
– Müflis oldum, siçan oynar cibimdə.

– Alim qardaş hanı adın, şöhrətin?
– Bir axmağın yolunda puç eylədim.

– Ay pəhlivan de səni kim əritdi?
– Bir xəstənin yolunda can çürütdüm.

– Ay Allah bəndəsi, bəs xaçın hanı?
– Yaman arvad qırdı, atdı xaçımı.

... varlı qardaş, – sevmə kasıb qızı sən,
Alim qardaş, sevmə ağılsızı sən,
Xəstə qızı sevmə, sən, ey pəhləvan,
Yaxşı kişi, - pis arvaddan gen dolan,
Saf qızıla mis qatmayın, ay aman.