Maliyyə Nazirliyindən operativ açıqlama

maliyye-nazirliyinden-operativ-aciqlama
Oxunma sayı: 1036


“Qafqazinfo” həmin məlumatı təqdim edir.

Makroiqtisadi vəziyyət: Cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul 2,1 faiz artaraq 28743,0 milyon manat təşkil edib. Bu dövrdə qeyri-neft sektorunda ümumi daxili məhsulun həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 7,0 faiz artaraq 16173,9 milyon manata çatıb. Əhalinin gəlirlərinin artım sürəti mövcud inflyasiyanı 2,9 dəfə üstələyib. Əhalinin banklara qoyduğu əmanətlərinin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz artaraq iyun ayının 1-nə 6,6 milyard manata çatıb.

Dövlət büdcəsi: 2014-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 9338,8 milyon manat, xərcləri 8723,8 milyon manat olub, 615,0 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Gəlirlər: Cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 9192,6 milyon manat proqnoza qarşı 9338,8 milyon manat və ya 1,6 faiz çox olub.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin mədaxil proqnozu 103,6 faiz icra edilməklə dövlət büdcəsinə 3578,6 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 123,7 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 262,1 milyon manat və ya 7,9 faiz çoxdur.

2014-cü ilin altı ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi proqnoza 100,2 faiz əməl edərək büdcəyə 732,8 milyon manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 92,9 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 96,9 milyon manat təşkil edib.

Sair daxilolmalardan nəzərdə tutulan 18,5 milyon manata qarşı büdcəyə 46,7 milyon manat və ya proqnoza nisbətən 2,5 dəfə çox vəsait daxil olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə 4883,8 milyon manat vəsait transfert edilib.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4856,3 milyon manat icra olunub.

Xərclər: 2014-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 94,7 faiz və ya 8723,8 milyon manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 30,3 faizi və ya 2644,9 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 334,3 milyon manat çoxdur.

Funksional təsnifata uyğun olaraq 2014-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,5 faiz (154,2 milyon manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 23,1 faiz (28,7 milyon manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 19,5 faiz (22,4 milyon manat), təhsil xərclərinə 7,6 faiz (44,5 milyon manat), səhiyyə xərclərinə 7,6 faiz (19,6 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 7,3 faiz (31,5 milyon manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 6,8 faiz (227,2 milyon manat), nəqliyyat və rabitə xərclərinə 6,3 faiz (2,2 milyon manat) çox vəsait yönəldilib.

Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1057,2 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 2315,8 milyon manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 37,1 milyon manat vəsait sərf edilib.

Dövlət büdcəsinin xərcləri cari ilin aprel-iyun ayları üzrə 4349,5 milyon manat icra olunub.

Cari ilin ilk altı ayında dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların əsaslandırılmış xərc sifarişləri öz maliyyə təminatını tapıb.

İcmal büdcə: 2014-cü ilin altı ayında icmal büdcənin gəlirləri 11537,4 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 280,8 milyon manat və ya 2,5 faiz çoxdur. İcmal büdcənin xərcləri 9913,1 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 94,9 milyon manat və ya 1,0 faiz çoxdur.