Mehman vaxtından tez azad oluna bilər?

mehman-vaxtindan-tez-azad-oluna-biler
Oxunma sayı: 5224

Hazırda həbsdə olan bloqer Mehman Hüseynovun azadlığa buraxılması gözlənilir. Belə ki, onun özünün, hüquq müdafiəçilərinin prezident İlham Əliyevə müraciətindən sonra dövlət başçısı bloqer barəsindəki cinayət işində humanizm prinsipinin önə çəkilməsini tapşırıb. Bu gün isə Baş Prokurorluq M.Hüseynov həbsdə olarkən ona açılan ikinci cinayət işinə xitam verdiyini elan edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda sosial şəbəkələrdə M.Hüseyovun yaxın günlərdə azadlığa çıxacağı müzakirə olunur.

Lakin bloqerin bundan öncəki böhtan atma maddəsi ilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edildiyi cəzası martın 2-də başa çatır. Belə olan halda M.Hüseynov təxminən 40 gün sonra azadlığa çıxa bilər.

Bu arada qeyd edək ki, bloqerin vəkilləri ötən ilin payızında vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ rayon Məhkəməsinə müraciət etmişdilər. Həmin zaman M.Hüseynovun saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi bloqerin islah olunmadığı barədə rəy vermişdi. Məhkəmə də bu rəyə əsaslanaraq Mehmanı sərbəst buraxmamışdı. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

M.Hüseynovun vəkili Fuad Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, apellyasiya instansiyasının həmin qərarından kassasiya şikayəti veriblər. Amma Ali Məhkəmə işə baxılması gününü və hakimi hələ təyin etməyib. 

Belə ki, M.Hüseynov martın 2-ni gözləmədən, Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıla bilər.