Mərkəzi Avrasiya Banklar Federasiyasının ilk iclası keçirilib

merkezi-avrasiya-banklar-federasiyasinin-ilk-iclasi-kecirilib
Oxunma sayı: 747

ABA-dan “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Azərbaycan, Türkiyə, Ukrayna, Qırğızıstan, Moldova və Gürcüstanın banklar assosiasiyalarının rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan ABA-nın prezidenti Eldar İsmayılov Federasiyanın yaradılması üçün 3 ildən artıq bir müddət ərzində gərgin səy göstərildiyini və bu il Ədliyyə Nazirliyi tərəfindən təşkilatın rəsmən qeydiyyata alındığını bildirib. Federasiyanın məqsədinin assosiativ deyil, həqiqi üzvlər cəlb etmək fikrində olduğu ifadə edilib. Məhz buna görə də hazırda assosiativ üzv olan Moldova Banklar Assosiasiyasının təşkilata həqiqi üzv qəbul edilmək istiqamətində danışıqların aparıldığı və yaxın zamanlarda buna nail olunacağı bildirilib.

İclasda Federasiyanın prezidenti və vitse-prezidentləri də seçilib. Belə ki, ABA-nın rəhbəri Eldar İsmayılov qurumun prezidenti, Ukrayna və Türkiyə banklar assosiasiyalarının rəhbərləri, müvafiq olaraq Oleksandr Suqonyaka və Hüseyn Aydın vitse-prezident seçiliblər. Həmçinin daha üç nəfərin idarə heyətinə üzv seçilməsi qərara alınıb. Qırğızıstan Banklar Assosiasiyasının rəhbəri Anvar Abdrayev Audit Komitəsinin sədri təyin olunub. ABA prezidentinin köməkçisi Yunus Abdulov icraçı katib təsdiq edilib.
Ümumi iclasın yekunu olaraq Mərkəzi Avrasiya Banklar Federasiyasının Bəyannaməsi qəbul edilib. Bu sənədə əsasən, təşkilat öz əsas vəzifələri kimi aşağıdakıları müəyyən edib:

- region dövlətlərinin bank assosiasiyaları arasında qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək;

- region dövlətlərinin təsərrüfat subyektləri arasında ticarət-iqtisadi, istehsal, elmi-texniki və investisiya əməkdaşlığının inkişafına yardım etmək;

- region dövlətlərinin bankları və digər kredit təşkilatları tərəfindən beynəlxalq standartlar əsasında həyata keçirilən valyuta-kredit siyasətini dəstəkləmək.

Mərkəzi Avrasiya Banklar Federasiyası 2011-12-ci illərdə fəaliyyətini region dövlətlərinin iqtisadi məkanında malların, xidmətlərin və kapitalın hərəkətinin yüksək keyfiyyətli bank xidmətləri ilə müşayiət olunması üçün zəmin yaradılmasına, region dövlətlərinin bankları arasında birbaşa müxbir münasibətlərinin yaradılmasına, cari maliyyə-iqtisadi və bank məlumatlarının, normativ-hüquqi aktların mübadiləsinə yönəldəcək.

Nigar Məmmədli