“Nə mən onlara, nə də onlar mənə salam verir” - Sirus Təbrizlinin qızı

ne-men-onlara-ne-de-onlar-mene-salam-verir
Oxunma sayı: 9546

“Hələ belə olmamışdı” adlı layihəmizin üçüncü qonağı Sevinc Təbrizlidir. İlk baxışdan Sevinc Təbrizli adı ictimaiyyətə tanış gəlməsə də, xanım müsahibimiz Azərbaycanın keçmiş mətbuat və informasiya naziri, millət vəkili, Yeni Azərbaycan Partiyasının qurucularından biri olan Sirus Təbrizlinin qızıdır. 

Emosional, çılğın və sərt çıxışları ilə yaddaşlarda qalan Sirus Təbrizlinin yadigarı Sevinc xanım plastik cərrahdır və şəxsi klinikası var. İndiyədək  heç bir media orqanına müsahibə verməyən, atasının yaşadığı dönəmlərdə də evlərinə jurnalist qəbul etməyən ailə ilk dəfə olaraq evlərinin qapısını bizim üzümüzə açıb. Sevinc  Təbrizli ilə  söhbətimizdə atası ilə bağlı xatirələrdən, öz ailəsindən, uşaqlarından və peşəsindən danışdıq.  

- Ev anlayışı sizin üçün nə ifadə edir? 

- Ev ortamı mənim üçün özəldir. Ona görə əvvəl sizə təklif elədim ki, iş ortamında çəkiliş edək. Bizim evə mətbuatdan tərəfindən giriş heç vaxt olmayıb. İlk müxbirlərsiz ki, mən sizə müsahibə verirəm və evimizdəsiniz. 

- Biz sizinlə bağ evində söhbətləşirik. Ümumiyyətlə şəhərin səs-küyündən, tıxacından qaçıb tez-tez bura gəlirsiniz? 

- Bu bağ evi mənim üçün önəmlidir. Bu evlə bağlı çox gözəl xatirələrim var. Buranı  çox sevirəm və vaxtım olan kimi gəlməyi çox xoşlayıram. Ona görə də sevinirəm ki, məhz sizi də bu gün bağ evində qəbul edirəm. Buradan baxanda dəniz görünür. Dəniz mənim həyatımın əvəzolunmaz bir atributudur.  

- Bağ eviniz çox sadə dizaynda qurulub, artıq heç nə gözə dəymir. Rahat və zövqlüdür. Dizaynı ilə siz məşğul olmusunuz? 

- Evin dizaynı ilə anam məşğul olub. Bu evi rəhmətlik atam o vaxt tikib ki, övladları və nəvələri gəlib burada istirahət eləsin. Anam xüsusi zövqə malik olan insandır. Çox dəbdəbəni, həddən ziyadə göz qamaşdırıcı əşyaları sevmir. Biz ailə olaraq dəbdəbədən, söz-söhbətdən uzağıq. Minimalizmi sevirik, başqa dəyərlər bizim üçün daha önəmlidir. 

- Evdə diqqətçəkən məqam odur ki, divanların sayı çoxdur...

- İnsan üçün ən gözəl ünsiyyət vasitəsi oturub söhbət etməkdir. Bizdə də bu tendensiya var. Rəhmətlik atamla söhbət etməyi çox sevərdik. O danışardı, biz onu dinləyərdik. Hər otaqda oturacağımız, dinlənəcəyimiz bir məkan var. Mən həmişə bura gələndə atamla olan son söhbətlərimizi yada salıram.

- Atanızdan söz düşmüşkən, onunla bağlı son söhbətinizi, xatirənizi bölüşə bilərsinizmi? 

- Onunla ən son görüşümüzdə iş otağında bir kitab oxuyurdu. Bu, Elmira Axundovanın Heydər Əliyev haqqında yazdığı kitab idi. O, çox zəhmli insan idi. Ancaq digər cəhətlərini yalnız ailəsi bilib. Kitabın bəlli, özü ilə bağlı məqamlarını oxuyarkən gözləri doldu, qəhərləndi. Bacımla oturmuşduq, əvvəl nə baş verdiyini başa düşmədik. Kitabı bağlayıb otaqdan çıxdı. Elə bil yenidən o  anları yaşadı. 

- Atanız həm YAP-ın qurucusu, keçmiş nazir, millət vəkili kimi, həm də emosional, sərt çıxışları, ədalətli mövqeyli bir şəxsiyyət kimi yaddaşlarda qalıb.  Bəs, sizin üçün atanız kim idi? 

- Mənim həyatımda baş verən hər bir şeyin qurucusu atamdır. Şəxsiyyət kimi, peşəkar kimi, ana kimi formalaşmağımın memarı atamdır. Hər şeydə onu örnək görmüşəm. Hətta bu gün o olmasa belə, illər öncə mənə verdiyi məsləhətlərə riayət edirəm. Onun tələbkarlığı nəticəsində demək olar ki, bu gün arzularımın hamısına çatmış bir insanam. Əgər onun ruhu bizi eşidirsə, demək istəyirəm ki, ömrümün sonuna kimi hər şey üçün ona minnnətdar olacam. 

- Atanız evdə də çılğın idi?

- Onu cəmiyyətə sevdirən cəhəti o idi ki, evdə necə idisə, çöldə də elə idi. Sadəcə, bir həyat kredosu var idi, indi o kredo mənim də prinsipimdir. İşdə, ailədən kənarda nə problem varsa, evə girəndə onu çöldə qoymalısan. Çünki evdəkilərin o problemlə heç bir əlaqəsi yoxdur. Daim gülməlisən, üzündə enerji olmalıdır.

Atam pozitiv və həyatsevər bir insan idi. İstəyəndə qışqırıb, istəyəndə gülüb, nadir hallarda başımızı sığallayıb. Daha çox tələbkar olub. Mən də evə girəndə oğlanlarıma deyirəm ki, niyə sakit dayanmısınız, gülün, danışın, onsuz da problem var, onu həll etmək üçün ruhu özündə tapmalısan. 

- Atanızın sərt siyasi çıxışları sizin həyatınızda hər hansı təzyiqlərlə rastlaşmağınıza səbəb olubmu? 

- Yox, olmayıb. Ailə bir birlikdir. Xoş gün də, pis gün də olur. Atam nə vaxtsa qınananda, təzyiqlərlə üzləşəndə təbii ki, ailə olaraq onu da qəbul eləməliydik. Mənim plastik cərrah olmağımda, klinika açmağımda heç bir maneə olmayıb. Niyə də olsun? Bu, mənim sevdiyim peşədir. Başımızı aşağı salıb öz işimizlə məşğul olmuşuq. Ona görə də bizim haqqımızda heç bir mediada məlumat yoxdur. 2003- cü ildən iş fəaliyyətinə başlamışam. Bu günə qədər öz işimlə məşğulam. Çalışmışam ki, peşəkar olum. 

- O vaxt mətbuatda yazılmışdı ki, atanızın son arzusu Anar Məmmədxanovun yanında dəfn olunmaqdır. Niyə məhz Anar Məmmədxanov? 

- Bilirsiniz, o vaxt mətbuata yanlış bir informasiya ötürüldü. Mənim atamın elə bir arzusu olmayıb. O, heç ölməyini bilmirdi ki,.. Necə elə arzusu ola bilərdi?! Onun ölümü də ani oldu. Gecə yatdı, səhər durmadı. Vəsiyyət də etməmişdi. Kifayət qədər sağlam idi. Təsəvvür edin ki, buzlu suda çimən biri idi. Ancaq Anar Məmmədxanova çox hörməti olan bir insan idi. Bizim bir yerdə səfərlərimiz olub. Anara şəxsiyyət kimi, özünü yaratmış şəxs kimi çox hörmət edirdi. Onların məzarlarının yan-yana olmağı təsadüfdür.  

- Atanızın ani ölümü bir qədər şübhələrə də yol açmışdı...

- Mən Allaha çox inanan insanam. Bu gün də sizlə oturmuşam, oruc tutmuşam. Son 4 ildir ki, oruc tuturam. Ancaq əməllərin hamısına İslamda olduğu kimi əməl edirəm desəm, yalan olar. Uşaqlıqdan mənim içimdə bir Allah sevgisi var. Heç birimiz bilə bilmərik ki, beş dəqiqədən sonra başımıza nə gələcək. Atam öz missiyasını o yaşa qədər həyata keçirtdi və bitirdi. Atamın özündən sonra qoyduğu işlər yaşayacaq. 

Mən əvvəl onun ölümünü qəbul edə bilmirdim. Ancaq başa düşürdüm ki, belə də olmalıdır. Mən hamıya arzu edirəm ki, onun kimi bir ömür yaşasın. O, həyatın dəyərlərini başa düşürdü və bilirdi ki, maddiyyat önəmli deyil. Mən ondan dost, şərikli olmağı öyrənmişəm. 

- Sizin bir bacınız da var. O nə işlə məşğuldur?

- Bacım Arzu Təbrizli daha çox ictimai işlə məşğuldur. O Diaspora Komitəsində çalışır. Ümumilikdə isə oxşar cəhətlərimiz çoxdur, çünki eyni genin daşıyıcılarıyıq. Mənə atam bu adı  verib. Çünki mənim dünyaya gəlməyimi çox gözləyirmiş. Hətta deyirmiş ki, oğlan da olsa, adını Sevinc qoyacaq. Çünki bu övlad ona sevinc gətirəcək. Ona görə də atam mənə bu adı veribsə, kədər məni yıxa bilməz. 

-  Ananız necə, evdar qadındır? 

- Anam da həkimdir, fizioterapevtdir. Amma daha çox bizim tərbiyəmizlə məşğul olub. Mənim ilk övladımı anam boya-başa çatdırıb. Mən 19 yaşında ana olmuşam. Tibb Universitetində təhsil alırdım, anam olmasaydı, uşağı böyüdə bilməzdim. Ona görə də böyük oğluma deyirəm ki, hər şeyə görə nənənə minnətdar olmalısan. Anam uşaqlıdan bizi məcbur edirdi ki, hər işlə məşğul olaq. Bizi musiqiyə, toxuculuğa, dil öyrənməyə məcbur edib. Pionerlər evində elə bir dərnək yox idi ki, ora yazılmayaq. Ancaq bu gün hər şeydən qismən başın çıxdığını görəndə anama çox sağ ol deyirəm. 

- Müşahidələrimiz bundan ibarətdir ki, ziyalı ailələr, analar oğlan övladı olmayanda özlərini bir qədər sınıq hiss edirlər ki, nəslin davamçısı yoxdur. Siz də ailədə iki bacısınız. Bu tendensiya sizin ailədə də müşahidə edilibmi? 

- Mən anama sual verəndə, deyir ki, nə yaxşı ki, iki qızım var, siz mənə oğlanları da əvəz edirsiz. O ki, qaldı nəslin davam etməsinə, mənim kiçik oğlumun adı Sirus, soyadı da Təbrizlidir. Ona görə də mənə elə gəlir ki, biz o balansı qoruyub saxlaya bilmişik. 

- Ailədə qızlar olanda onlar kişilərin bir çox məsuliyyətini öz çiyinlərində daşımalı olurlar. Sizdə məsuliyyət daha çox kimin üstündədir?

- Mən böyük olduğuma görə hardasa daha çox yükü mən daşıyıram. Bu, mənim yaşımla və həyat təcrübəmin daha çox olması  ilə bağlıdır. Atam dünyadan köçəndə isə bu yük daha da artdı. Atam çiyinlərimizi o qədər möhkəm etmişdi ki, bizi buna hazırlamışdı. Amma bilirəm ki, bacım da bu gün mən olmasam, bu yükü daşıya biləcək iqtidardadır. 

- Çox erkən yaşda ailə qurmusunuz. Bunun səbəbi sevib evlənməyiniz idi? Atanız buna necə baxdı? 

- Mənim atam həmişə vurğulayırdı ki, tez vaxtda baba olmaq istəyir. Yoldaşımla sevib ailə qurmuşuq. Tanışlığımız ailə hesabına olub. Hərdən özümə sual edirəm ki, yenidən o dövrə qayıtsaydım, 18 yaşda ailə qurardınmı? Bəzən buna “yox” deyirəm, çünki mən normal tələbəlik yaşamadım. Ancaq böyük oğlum Nihada baxanda deyirəm ki, nə yaxşı ki, ailə qurmuşam. Çünki hər zaman bir nisbət var, heç nə 100 faizlik olmur. Amma sonradan Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə ikinci təhsil aldım, balansı tənzimlədim. 

- Oğlanlarınızdan danışmağınızı istəyirik...

- Böyük oğlum Nihad 18 yaşın içindədir. Nihad bu il hamımızı çox sevindirib. Berkli Universitetinə daxil olub. Onun arzusu musiqi prodüseri olmaqdır. Mən heç vaxt bilməzdim ki, oğlum incəsənət xətti ilə gedəcək. Ona ancaq  maddi dəstəyim olub. Özü zərb alətlərində ifa etməyi öyrənib. 

Kiçik oğlum Sirusun isə 11 yaşı var. Xasiyyətcə də çox çılğındır, atama oxşayır. Əvvəllər səs-küydən mən çox qaçırdım. Çünki iş ortamım elədir ki, mən daim kimlərləsə danışıram, enerji sərf edirəm. Toylara, ad günlərinə getməyi çox sevmirəm. Ancaq son zamanlar uşaqlarla vaxt keçirməyi çox sevirəm. 

- Səhər tezdən evdən çıxırsınız, axşam qayıdırsınız. İşgüzar xanımlar övladlarına vaxt ayıra bilmir, övladlar da bundan həmişə narazı olur. Sizdə də belədir? 

- Yüz faizli evdar xanım öhdəliklərimi yerinə yetirirəm desəm, yalan danışmış olacam. Mən mətbəxə ancaq tətildən-tətilə, xüsusilə də yay aylarında bağa gələndə girə bilirəm. Əslində mətbəxi çox sevirəm. Bir şeyi bişirəndə ona yüz faiz sevgimi qatıram. İdmanla məşğul olmağı da çox sevirəm. Səhər saat 10-da işdə oluram. Axşam saat 8-də çıxıram. Vaxt necə keçirsə, onu bilmirəm. Ona görə də axşam evə gələndə uşaqlara deyirəm ki, mənə 10 dəqiqə vaxt versinlər, dincəlim, sonra onlarla məşğul olum. 

Özümə də qrafik qurmuşam. Axşam saat 10-da mən yatıram. Hamı da bunu bilir, ona görə axşam 10-dan sonra mənə heç kim zəng etmir. Səhər saat 6-nın yarısında da oyanıram. Gecə həyatı mənə yad bir aləmdir. Bazar günü isə mütləq şəhərdən kənara getməliyəm, həftənin bütün yorğunluğunu da çıxarıram, telefonlara da cavab vermirəm. Çalışıram ki, təbiətlə vəhdətdə olum. 

- Müasir dövrün tələblərinə uyğun olan bir peşəyə sahibsiniz. Plastik cərrahsınız. Arzunuz bu sahəyə yiyələnmək idi?

- Mən jurnalist olmaq istəyirdim. Ancaq zaman elə gətirdi ki,  cərrah oldum, başa düşdüm ki, əməliyyatxanasız yaşaya bilmirəm. Bəzən plastik cərrahlara o qədər də ciddi yanaşmırlar. Amma mükəmməl plastik cərrah olmaq üçün birinci növbədə psixoloq olmalısan. Mikrocərrahiyyəni, damar, üst-çənə, baş-beyin cərrahiyyəsini bilməlisən. Biz yaradıcı insanıq. Əməliyyatları da musiqi altında edirik. 

Mənə müraciət edənlərdən bəlli bir zümrə var. Kiminsə şəklini gətirir və deyir ki, o cür olmaq istəyir. Həmin xəstələrlə işləmək qətiyyən olmaz. Bir fərd ki, özünə yox, kiməsə bənzəmək istəyir, artıq onun psixoloji problemləri var. Ona görə  də şəkillə gələn xəstəni heç vaxt əməliyyat etmirəm. Çünki bilirəm ki, mən onu şəkildəki kimi edə bilmərəm. Həmin şəxs isə şəkildəkini əldə edə bilməyəndə sabah mənə problem yaradacaq. 

- Qeyd etdiyiniz kimi, kifayət qədər yaradıcı peşəniz var. Elə bil rəssamsan və rəsm əsəri yaradırsan, dəqiqlik, harmoniya mütləq olmalıdır. Bunlar pozulsa, alınmayacaq. Bəs sizin təcrübənizdə yol verdiyiniz səhvlər olubmu? 

- Olub, təzə başlayanda lap çox olub. Bunsuz mümkün deyil. Məsələn, bir pasiyentim var idi, ona burun əməliyyatı etdim. Mən onu o cür görürdüm. Əməliyyatdan bir ay sonra xanım mənə dedi ki, əvvəlki burnunu yerinə qaytarım. Ona dedim ki, əvvəlki burnunuzu qaytara bilmərəm, amma pulunuzu qaytara bilərəm. Nə yaxşı ki, də pulunu qaytardım. Çünki kənardan ona desələr də ki, nə qəşəng burnunuz alınıb, o yenə içində razı olmayacaqdı. Ona görə də xəstə seçimində çox ehtiyatlı olmaq lazımdır. 

- Sizə daha çox kimin şəklini gətirib göstərirlər? 

- Mən indi hazırda daha çox bədənlə məşğul olduğuma görə əsasən Kim Kardaşyanın və Cennifer Lopezin şəklini gətirirlər. Ancaq hamıdan Kim Kardaşyan, Cennifer Lopez düzəltmək olmur. Mən onlara başa salıram ki, həmin tanınmışların görünən bəlli ölçülərindən əlavə, onların fiziki konstitusion tipləri var. Gün ərzində 7-8 saat idmanla məşğul olurlar. Bu, tək plastik cərrahiyyənin nailiyyəti deyil. Zəhmət hesabına o bədəni əldə ediblər. Üz əməliyyatlarında isə əvvəllər Petek Dinçözün burnundan, Ancelina Colinin, Ebru Gündeşin  dodaqlarından istəyirdilər. 

- Sizə müraciət edən məşhurlar kimlərdir? Bu, bir peşə sirri olaraq qalırmı? 

- Plastik cərrahiyyənin ikinci adı məxfi cərrahiyyədir. Hətta olur ki, öz pasiyentlərimlə eyni məclisdə oluruq. Nə onlar mənə salam verir, nə də mən onlara. Bu, onların şəxsi sirləridir. Eləsi var ki, plastik əməliyyat  keçirdiyini hər yerdə bildirir. Ancaq eləsi də var ki, bunu məxfi saxlayır. Allah eləməmiş hardasa informasiya getsə, gəlib hər şey edə bilərlər.

- Gizliliyin bir səbəbi də cəmiyyətin buna hazır olmamasıdır...

- Hesab edirəm ki, informasiya qıtlığından irəli gəlir. Bu, plastik cərrahların yaralı yeridir. Azərbaycanda üzə vurulan bütün dolğunun adına botoks deyirlər. Bu, belə deyil. Hər bir pasiyent müraciət etməzdən əvvəl etdirəcəyi prosedurun adını bilməlidir. Ona görə də cəmiyyətdə bəlli bir xof yaranıb. Bəziləri buna radikal olaraq kəskin etiraz edirlər, bəziləri də buna ifrat dərəcədə varıblar. Bu da peşəkarların qıtlığından da irəli gəlir. Ancaq zamanla yerini tutacaq, çünki təbii seçmələr başlanıb. Bəzən plastik cərrahiyyədən elə ifrat dərəcədə istifadə edirlər ki, üzlərindəki təbiilik pozulur. Təbiilik pozulmamalıdır. Mütəxəssis ancaq əməliyyatın getdiyini bilməlidir. 

Bir də baxırsan ki, istənilən şəxs çıxıb estetikadan danışır. 1 aparatı mükəmməl öyrənməkdən ötrü sənə 1 ay vaxt lazımdır. Mən hələ dolğudan danışmıram. Baxırsan ki, dünən gəlmişdi, bu gün isə hər şeyi bilir. Biz adi bir cihazı alanda belə onun dünyadan mütəxəssisini tapıb gətiririk ki, həkimləri öyrətsin. Pulumuzdan keçib özümüzə ziyan edirik, amma peşəkarı dəvət edirik.

- Adi insanları hardasa başa düşürük, bizdə məşhurlara deyəndə ki, filan estetik əməliyyat keçirtmisən, insana sərt reaksiya verirlər, bunu danırlar...

- Hər bir insanın daxili müxtəlifdir. Elə insan var ki, o güclü xarakterə malikdir, ona görə də ətrafdakıların fikri onun üçün önəmli deyil. Deyir ki, elətdirmişəm, burda nə var ki ? Eləsi də var ki, xarici komplekslərini aradan qaldırsa da, daxili komplekslərini aradan qaldıra bilmir. Razıyam ki, plastik əməliyyat etdirmisənsə, bunu gizlətməyin heç bir mənası yoxdur. Mən ona əmək sərf etmişəm, ancaq məşhurlar bunu demir. Əvvəllər bundan inciyirdim, ancaq indi başa düşürəm ki, belə də olmalıdır. 

- Bəs özünüz necə, plastik cərrahiyyəyə müraciət etmisinizmi? 

- Mən rinoplastika əməliyyatı keçirmişəm və heç vaxt da gizlətməmişəm. Bu sənət elədir ki, öz üzündə bəlli bir problem olsa, pasiyent sənə inanmayacaq. Bu, bizim millətdə də var. Mən oğlanlarıma da demişəm ki, gələcəkdə görsəm ki, qocalmağa başlayıram, bütün plastik əməliyyatları edəcəm. Balaca oğlum mənə deyir ki, “ana, mən ailə quranda sən qoca görünəcəksən”. Mən də ona söz vermişəm ki, indi necəyəmsə, onda da elə görünəcəm. Yaşasın plastik cərrahiyyə! 

- Bir məsələni də qeyd edim. Xaricilər adətən necədirlərsə, elə də qalmağı sevirlər.  Yəni burun yekədirsə, onlar üçün bu, kompleks hesab edilmir, idman geyimi, sıfır kosmetikada gəzmək onlarda problem deyil. Allahın yaratdığı üzü olduğu kimi saxlamaqda çətinlik çəkmirlər. Bizdə isə tam əksidir. 

- Mən Allaha bağlı insanam. Amma plastik cərrahiyyə yalnız dodaq böyütmə, burun kiçiltmə deyil. Anadan gəlmə nə qədər qüsurlu olan insanlar  var. Dovşandodaq, qurd ağız, yanıq defektləri. Bu insanın plastik əməliyyata haqqı yoxdurmu, o cür eybəcərliklərləmi gəzməlidir? Məsələn, bir kişinin qulağı böyükdür, deyir ki, onla heç kim evlənmək istəmir. Sən əgər onun qulağını kiçiltməklə ona yeni həyat bəxş edəcəksənsə, niyə də yox? 

Xaricilərə gəlincə isə, onun qeyd edim ki, xaricdə bu əməliyyatlar həddən artıq bahadır. Çünki plastik cərrahiyyə tibbi sığortanın tərkibinə daxil deyil. İnanın mənə ki, orada bizim kimi qiymətlər olsa Avropada da plastik cərrahiyyənin sayı faiz etibarilə artacaq. 

Ancaq bədən cərrahiyyəsinin başlanğıcı Cənubi Amerikadan gəlib. Hətta Rio de Janeyrada elə çimərliklər var ki, əgər bədən quruluşun standartlara uyğun deyilsə, səni ora buraxmırlar. Onlarda əhalinin  80 faizi plastik əməliyyat etdirib. Dünya Plastik Cərrahları Assosiasiyasının konfransalarına da gedəndə görürük ki, dünyanın ən tanınmış cərrahları Cənubi Amerikadandır. Ancaq mən sizinlə razıyam ki, Şərq qadınları daha çox gözəlliyə diqqət yetirirlər. 

- Özünüzün baxımlılıq sirləriniz nədir? 

- Mən idmanla məşğul olmağı, üzməyi çox sevirəm. Ağır formada plateslə məşğul oluram. Estetik klinikamızda bir-iki proseduru çıxmaqla, qalan bütün prosedurladan ildə bir dəfə istifadə edirəm. İldə bir dəfə mezoterapiyamın, dolğumun vaxtıdır. Bilirəm ki, mən də qocalacağam. Ancaq baxımsız da olmaq istəmirəm. 
 
- Geyim məsələniz necədir, indi, məsələn ayağınızda sport ayaqqabı var.

- Mən geyim üslübumda rahatlığı sevən insanam. Dikdabanla özümü narahat hiss edirəm. Azad geyimləri sevirəm ki, hərəkətlərim də azad olsun. Bəlkə də bu, peşəmlə də əlaqəlidir. Günün 10 saatını tibbi başmaqlarda keçirirəm. Dikdaban geyməyə vaxt da qalmır. Amma sizin xətrinizə “kabluk” gətirmişəm. 

- Xanımların çoxu öyünmək məqsədilə brend geyimlərə üstünlük verir. Sizdə də belə xüsusiyyət var? 

- Mənim sevdiyim ancaq bir brend var, adını açıqlamayacam. Amma brend geyməyi də özümə meyar etməmişəm. Libaslara bəzən həddən ziyadə pul xərcləyirsən, amma bir-iki dəfə geyirsən, sonra o ölü kapitala çevrilir. Atamın məsləhətlərindən biridir. O, həmişə deyirdi ki, həyatda heç nəyin köləsi olmayın. Nə əşyaların, nə duyğuların, nə insanların. Təvazökarlıqdan uzaq olsa da, özümüm xoşuma gələn xüsuiyyətlərimdən biri odur ki, hər şeyi asanlıqla buraxa bilirəm. Həyatmın elə anı olub ki, işimi də buraxmışam. Başa düşmüşəm ki, bunsuz da yaşaya bilərəm. Yeganə vətənimsiz yaşaya bilmərəm. Hara getsəm, elə bil məni nəsə sıxır. Bir dənə onun qarşısında acizəm. 

Günel Türksoy, Elvin Elxan

Foto və video: Nuran