Ölümündən sonra ölkəni axsaq şairlər bürüdü

olumunden-sonra-olkeni-axsaq-sairler-burudu
Oxunma sayı: 1563

Azər Qismət

İngilis romantik şairi Bayron. Tam adı belədir: Corc Noel Qordon. Lordlar Palatasının üzvü olub. Yunanıstandakı milli-azadlıq hərəkatında əsas rollardan birini oynayıb. Hərbi düşərgədə vəfat edib. Hələ sağlığında “Bayron” tipli qəhrəman obrazı yaradıb: tənha, bütün dünyaya və Tanrıya etiraz edən adamların gözündə başa düşülməyən əzabkeş. Bayron həm də Avropanın ictimai həyatında mühüm rol oynamış şəxslərdən sayılır. Onun bir şeri xüsusilə unudulmazdır: 

Mən az yaşasam da ürəyim bilir ki,
Mən dünyaya yad, dünya mənə yaddır”. 

Bayron dünyaya gələndə yaşlı insanlar körpəyə baxıb yaraşıqlı olacağını söyləyiblər. Bu, çoxlarını təəccübləndirib. Çünki aydındır ki, yeni doğulan körpənin nə qaşı, nə kipriyi olur, heç sifətindən şiş də çəkilmir. Yaşlı adamların həyat təcrübəsi özünü doğrultdu. Uşaq atası kimi yaraşıqlı oldu. Normal körpələr kimi beşiyində qığıldadı, ağladı və güldü. Yeriməyə başlayanda isə anası dəhşətə gəldi: oğlu axsayırdı. Ayaqlarının biri digərindən qısa deyildi, ancaq hansı səbəbdən axsaması ananı çox üzürdü. Həkimlərin konsilumunun yekun nəticəsi bundan ibarət oldu ki, uşaq ayaqdan xəsarəti doğuş zamanı alıb. Ana bununla razılaşmayıb yenidən həkimlərə müaciət etdi. Yeni ehtimal damarın dartılması, ümumilikdə damarların arasında rabitənin olmaması ilə izah edildi. Ana taleyi ilə barışdı. Uşaq isə böyüyüb vəfat edən günə qədər taleyi ilə barışmadı. 

Gələcəyin şairi axsamağından xəcalət çəkərmiş. Küçədə gedəndə, tədbirlərə qatılanda da kompleks hissindən qaça bilmirmiş. Əzablı həyatı şeirlərinə də hoparmış. Hər zaman gizlənməyə hazır olub ki, təki görünməsin. “Min bir gecə” nağıllarını oxuyub sehrli xalçada başqa yerlərə uçmaq xəyalı ilə yaşayan gəncin həyatı məhz ağrılı şəkildə başlamışdı. Bu onun günahı deyildi. O, belə yaranmışdı. Bəzən qarşı tərəflə söhbət zamanı susaraq sakitcə qulaq assa da, gözlənilmədən baş verən kobudluğunu elə axsaq olması ilə yaranan kompleks hissində axtarmaq lazımdır.    

Yaxınların xatirələrinə görə Bayron nağıl yüyrəkliyi ilə boy atarmış. Ağlının yaşıdlarına nisbətən çox inkişafda olması məntiqli cümlələri ilə izah edilib. Hərəkətləri sadə, xasiyyəti həlim Bayron. Əlbəttə, ilk baxışda belə görünərmiş. Sadəcə, xarakterindəki bircə qüsuru çıxmaq şərti ilə. Həmin qüsuru birinci evin içində birgə yaşadığı anası görüb. Lakin pis olmağa dəyməzdi. Çünki Bayronun xarakteri ilə anasınkı üst-üstə düşürdü. Uşaq anası kimi elə qəzəblənərdi ki, heç kim sakitləşdirə bilməzdi. Belə axmaq xasiyyət uşaqlıqdan yaranmışdı. Ən adi səbəbdən özündən çıxar, evdəkilər sakitləşdirməyə çalışar, qonşular pəncərələri bağlayarmışlar: “Bayron yenə də coşub özündən çıxıb”. Belə affekt vəziyyətlərdə bıçağa əl atıb paltarını cırarmış. Hər dəfə bıçağı əlindən alarmışlar ki, təsadüfən özünə xəsarət yetirməsin. Bəzən belə qəzəblənmə epilepsiya ilə başa çatarmış. Ona görə də evdəkilər hər zaman hazır vəziiyyətdə dayanar və yaxınlıqda taxta qaşıq saxlayarmışlar ki, epilepsiya zamanı qatlanan və istənilən anda nəfəs borusunun yolunu bağlayıb ölüm təhlükəsi yaradan dilini geri qaytara bilsinlər. Yaraşıqlı oğlanın günü belə keçərmiş.

Dili ilk dəfə 16 yaşında qatlanıb. Ailə üzvləri çalışıblar ki, Bayronun xəstəliyini kimsə bilməsin. Sirr evdən kənara çıxmazmış. Amma ikinci dəfə Alfiyerinin “Mirra” pyesinin tamaşası zamanı tutan epilepsiyadan sonra ictimaiyyət sevimli şairin xəstəliyindən xəbər tutub. Epilepsiyanın güclü xarakter daşıması çoxlarını narahat edib. Ev şəraitində şairin xəstəliyinin qarşısını vaxtında almaq olurdu. Ancaq bu çöldə, adamların olmadığı yerdə baş versəydi, gənc Bayron həyatdan vaxtsız köçərdi. İngilis şair özünü sakitləşdirmək üçün narkotikadan istifadə etməyə başlayıb. Həkimlərin kiçik müşavirəsinin nəticəsinə əsasən şair sinir anoresiyasından əziyyət çəkir. Hər işdə bir xeyir var. Xəstəlik Bayrona daha fərqli düşüncə sahibinə çevrilməsinə şərait yaradıb. O, bütünlüklə poeziya və illuziya dünyasına qanadlanıb. Həm də göylərin şeytanına çevrilib. Narkotika göylərdə də qəbul edilmir.

Lord Bayron görkəmli ingilis şairi idi. Bu gün də poeziyada “möhtəşəm şair” titulunu qoruyub saxlamaqdadır. Axsaq və xəstə olmasına baxmayaraq, ekstravaqant obrazı ilə milyonların ürəyində qalmaqdadır. Belə bir insan tələbəlik illərində də çılğın hərəkətləri ilə ad çıxarıb. O, heyvanları çox sevərmiş. Kembric universitetinə daxil olandan sonra özü ilə sevimli köpəyini də auditoriyaya gətirib. Universitetə itlə gəlmək qəri qadağan edildiyindən tələb olunub ki, köpəyini aparsın. Bayron məktəb rəhbərliyinə yalvarıb-yaxarsa da, qanun öz qüvvəsində qalıb. Gənc tələbə ədaləti başqa formada bərpa etməyə qərar verib. Evinin yaxınlığındakı bir nəfərdən ayı balası alıb. Ertəsi gün tələbə və müəllim heyəti dəhşətə gəlib. İndiyə qdərə görünməmişdi ki, kimsə universitetə ayı gətirsin. “Ayı, ayı” sədası hər tərəfə yayılıb. Rəhbərlik Bayrona ayını da məktəbə gətirməyə qadağa qoyub. Şair tərsliyinə salaraq bunun hansı qanunda yazıldığını soruşub. Doğrudan da heç harda yazılmamışdı ki, məktəbə ayı gətirmək olmaz. Qanunda, eləcə də universitetin nizamnaməsində qadağanın köpəklərə aid edildiyi açıq-aydın göstərilib. Lakin ayılara dair bənd yer almayıb. Əlacsız qalıb özü ilə ayı gətirməsinə söz tapmayıblar. Həm də bunu etməyə məcbur qalıblar. Çünki qorxurublar ki, bu gün ayının gətirilməsinə icazə verməsələr, sabah pələnglə təşrif buyuracaq. Çünki gənc Bayronun tərsliyini yaxşı biliblər.

Ayı məsələsi bununla bitməyib. Bayron tələb edib ki, azad və demokratik ölkədə ayı da təhsil almalıdır. Gənc tələbənin belə qeyri-adi tələbi universitetdə müzakirə mövzusuna çevrilib.  Son nəticə “yox” olub. Bayron ayının zəncirindən tutub Kembric iniversitetini tərk edib və bir daha geri qayıtmayıb.

Müasirləri Bayronu marığa yatan pələngə bənzədiblər. Anası onu çox həkimlərə göstərib. Gənc oğlan yeni həkim qəbuluna getmək istəmir, buna görə çox hirslənərmiş. Nəhayət, 1816-cı ildə məşhur həkim Lemann onun müayinəsini üzərinə götürüb. Və belə nəticəyə gəlib: “Müayinə etdiyim pasiyentin beyin pozuntusuna dair heç nə aşkar etmədim. Söhbət onun daxili orqanlarından getməlidir. Qara ciyəri yaxşı halda deyil. Üstəlik, həzmetmə qabiliyyəti də sıfır həddindədir. Bütün bunlar beyninə mənfi təsir göstərir”. 

Şair ətrafında qeybətlər də artıb. Oxucular isə sevimli şairlərinin tibbi halına əhəmiyyət verməyiblər. Bayron onları kifayət qədər lirika ilə qidalandırıb. Qeybət qıranlar isə sakit dayanmayıblar. Rəqib şairlər daha uzağa gedərək onu cəmiyyət üçün yararsız sayıblar: “Kimsə bu dəlini psixi xəstəxanaya yerləşdirsin. Yoxsa, əlindən xəta çıxacaq”. Bəzi həkimlərin arayışı da söz-söhbəti gücləndirib. Arayışın əsas hissəsi belə olub ki, “Bayron manikal-depressiv xəstəlikdən əziyyət çəkir”.
 
1815-ci ildə Bayron Annabelle Milbenk adlı qadınla evləndi. Bir ildən sonra həyat yoldaşı ondan uzaqlaşdı. Annabelle ondan yalnız uzaqlaşmadı. Eləcə də keçmiş əri barədə ağzına gələni danışdı. Dedi ki, “Bayron seksual azlıq nümayəndəsidir”. 

Söz-söhbət onun gündəliklərindən yaranmışdı. Orada sinif oğlanlarına necə bağlı olduğu barədə xeyli səhifə yer almışdı. Bayrona elə gəlirdi ki, cəmiyyətdə ondan başqa müzakirə ediləsi kimsə yoxdur: “Mən qara fikirli gözlərin əhatəsində çimirdim”.  Londonda təşkil edilən kübar ziyafətlərdə də şairə qəribə gözlərlə nəzər salardılar. Hər şeydən bezən şair İngiltərəni tərk etdi. Bunu etməyə məcbur idi. Çünki o illərdə seksual azlıqları həbs cəzası, bəzi hallarda ölüm hökmü gözləyirdi. Bayron məhkəmənin ədalətsiz qərarları barədə çox eşitmişdi. Əgər onu məhkəmə zalına çəksəydilər, özünün əsl kişi olduğunu sübut edənə qədər dərisini boğazından çıxarardılar. Ona görə də doğulduğu ölkəni tərk etməyi daha münasib saydı. 

Beləliklə, İspaniya, Albaniya, Yunanısatn və Konstantinopol səfəri həyatını dəyişdi. Xüsusilə, Yunanıstanda sevgi həyatı yaşadığı insanlarla ürəyi açıldı, ən azından İngiltərə lənətini unutdura bildi. Cəmiyyət isə keçmiş ailə həyatına dair fərqli mövqe sərgilədi: arvadının tərəfini saxladı. Bəzi həqiqətlər reallığı əks etdirsə də, hər halda bu tarixçilərin işidir, bəlkə də Bayrona böhtan atılırdı. Anabella ölümünə az qalmış Amerika yazıçısı Biçer-Stouya ailə dramına dair faktlar təqdim etdi. Bayronun ölümə yaxınlaşması isə daha sürətlə baş verirdi.
 
36 yaşında Bayron yenə də epilepsiyaya məruz qaldı. Bu qəflətən baş verdi və dörd saat çəkdi. Buna qədər isə 13 gün ərzində 5 epilepsiya tutmuşdu. İki aydan sonra şair dünyasını dəyişdi. Ölüm səbəbi belə elan edildi: “Sətəlcəmdən vəfat edib”. Ehtimallardan biri adamları 1824-ci ilə apardı. Həmin il şair güclü yağış altında başıaçıq vəziyyətdə neçə saat addımlayıb. Nəticədə menengit olub. Bu da beyin toxumalarını getdikcə sıradan çıxarıb. Ölümündən sonra Bayronun kəllə qapağı açılaraq baxış keçirilib. Görənlər dəhşətə gəlib. Onun beyni qoca insanın beynindən də qoca idi. Ürəyi və qara ciyərindən isə danışmağa dəyməz. Yazıq şairin salamat orqanını gündüz çıraqla tapardın. Çoxları təəccübləndi: “O, belə orqanlarla 36 yaşa qədər necə yaşayıb?”. Həkimlər dedi ki, “Bayron yağışın altında gəzməkdən menengit olmasaydı belə, çox yaşamayacaqdı”.

“Şeirin şeytanı” adlandırılan şair həyatını belə başa vurdu. Əzablar içində çarpışdı. Onun yolunu davam etdirənlər çox oldu. Gənc şairlər məhz onun kimi yazmağa çalışdılar. Bəziləri yağışın altında çox gəzib ki, menengit olsun və ağlına orijinal sətirlər gəlsin. Bəzi oxucular isə həmrəy olmaq üçün ictimaiyyət arasında axsayıb. Ölkəni axsaq şairlər bürüyüb. Bu, İngiltərədə inanılmaz illər sayılıb: “Axsaq şairlər mərhələsi”.