“Onlar bunu siyasiləşdirir” - Anar Bağırov

onlar-bunu-siyasilesdirir
Oxunma sayı: 2415

“Qafqazinfo” Vəkillər Kollegiyasının sədri Anar Bağırovun  Gununsesi.info-ya müsahibəsini təqdim edir: 

 –  Yəqin ki, Avropa Parlamentinin vitse-prezidenti Heydi Hautala Azərbaycanda Vəkillər Kollegiyasının müstəqiliyi, habelə, bir sıra vəkillərin kollegiyadan qanunsuz olaraq kənarlaşdırılması barədə fikirləri ilə tanışsınız. Tənqidləri qəbul edirsinizmi? 

– Hər bir məsələyə mahiyyəti üzrə yanaşmağın tərəfdarıyam. Hesab edirəm ki, tənqid fikirlər söz yığımından, formal mülahizələrdən ibarət olmamalı, konkret faktlara əsaslanmalıdır. Əgər ortada hansısa konkret fakt göstərilirsə, biz buna cavab verməyə hazırıq.

– Yalçın İmanovun kollegiyadan kənarlaşdırılması fakt deyilmi? Beynəlxalq hüquq müdafə təşkilatları, habelə dövlətlərarası qurumlar onun cəzalandırılmasına görə, tənqidi bəyanatlar səsləndirib…

-Yalçın İmanovun cəzalandırılması konkret pozuntulara görə baş verib. Onun da məhkəmədə özünü müdafiə etmək hüququ var və bu hüququndan istifadə edir.

– O zaman Avropa Məhkəməsinin son qərarını xatırladım. İntiqam Əliyev və Ənnağı Hacıbəylinin Vəkillər Kollegiyasına qəbulla bağlı şikayətləri təmin edildi…

– İntiqam Əliyev və Ənnağı Hacıbəyli Vəkillər Kollegiyasına qarşı Avropa Məhkəməsinə şikayət verməyib. Onların şikayəti dövlətə qarşıdır. Biz isə dövlət təşkilatı deyilik. Həmin qərarda Vəkillər Kollegiyasına qəbulla bağlı məqam yoxdur.

–Belə çıxır ki, həmin qərarın icrası olmayacaq…

– Mən dedim axı, qərarda bizim üçün hansısa icra olunası məsələ qoyulmayıb. Hər iki şəxsin şikayəti ilə bağlı yerli məhkəmələrin qərarları var. Onları isə heç kəs ləğv etməyib. Yerli məhkəmələrdə onların tələbləri əsassız olduğuna görə rədd olunub. Ona görə də bu suala cavabı məhkəmələrdə axtarın. Həmçinin, qeyd edim ki, Avropa Məhkəməsi Azərbaycan məhkəmələrinin qərarlarını ləğv edən qurum deyil. Bu məhkəmə konvensiyanın müddəalarının pozuntusunu müəyyən edir.

– Ali Məhkəmə Plenumunun qərarı var ki, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanıyır. Bu bəs etmirmi ki, məsələ həllini tapsın? 

-Ali Məhkəmə Plenumu yerli məhkəmənin qərarını ləğv etmədən bu iş üzrə yenidən qərar qəbul etmək olmaz. Hazırda yerli məhkəmələrin qərarları qüvvədədir. Vəkillər Kollegiyasına qəbulun xüsusi prosedurları var və bu qanunla müəyyən olunur. Adını çəkdiyiniz şəxslər də sənəd verib, 2000 namizəd kimi imtahan verə bilərlər. Avropa Məhkəməsində iş udmaq Vəkillər Kollegiyasına qəbul üçün əsas deyil. Kollegiyaya qəbulla bağlı problem yoxdur. Yüzlərlə hüquqşünas müraciət edir və qəbul olunur. Yalnız may ayında üzvlərimizin sayı aprellə müqayisədə 20 faiz artacaq.

–Əgər Strasburq Məhkəməsi konvensiyanın pozuntusunu aşkarlayıbsa, o zaman buna əməl olunmalıdır axı. Çünki, Konvensiya qanunlardan yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan məhkəmələrinin hərəkətində də konkret pozuntu üzə çıxıb. 

-Bir daha təkrar edirəm ki, Vəkillər Kollegiyasına qəbul üçün prosedur var və bu yolla kim istəsə sənəd verə bilər. Hesab edirəm ki, Azərbaycanda vəkillik institutunu heç bir qara qüvvənin əlində alətə çevirməyə imkan verməyəcəyik. Bu məsələlər ətrafında siyasi diskusiyalar açmaq yersizdir. Konkret pozuntulara görə cəzalandırılanlar bunu siyasiləşdirir.

–Anar bəy, gəlin, problemə ictimaiyyətin gözü ilə baxaq. Necə ola bilər ki, ölkədə ictimai etimada malik olan, indiyə qədər Avropa İnsan Hüquqları Məhkəməsində onlarla iş udan populyar hüquqşünaslar pozuntulara yol verir?

-Avropa məhkəməsində hansısa işi udmaqla bu məsələlərin əlaqəsi yoxdur. Mən bu müqayisəni qəbul etmirəm.