Prezidenti “Facebook”da seçirlər

prezidenti-facebookda-secirler
Oxunma sayı: 645

“Qafqazinfo”nun “İndependent” qəzetinə istinadən verdiyi məlumata görə, generallar prezidentliyə namizədlərin siyahısını “Facebook”da yayımlayıblar. 18 nəfər namizədin adı səsə qoyulub. Təhrir Meydanındakı sabiq president Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən nümayişlərdən sonra hakimiyyətə gələn hərbi rejim ölkədə rəhbərlik məsələsi ilə bağlı son zamanlarda tənqidlərə məruz qalır. Bunu nəzərə alan rejim internet vasitəsilə anketi paylaşmağı qərara alıb. Artıq 100 mindən çox insan namizədlərə səs verib. Namizədlərdən islahat tərəfdarı, keçmiş Atom Enerjisi Təşkilatının başçısı Məhəmməd əl Baradey dünən yüzdə 35 faiz səslə siyahıda lider olub. Əl Baradeydən başqa səs çoxluğu qazananlardan biri də Mübarəkin iqtidarda qalmasını dəstəkləyən və son mərhələdə prezidentin müavini vəzifəsinə gələn keçmiş kəşfiyyat rəhbəri Ömər Süleymandır.

“Independent” qəzeti bildirib ki, bazar günündən internet vasitəsilə başlayan anket rəsmi nəticə deyil. Çünki 85 milyon əhalisi olan Misirdə əhalisinin yalnız beşdə biri internetdən istifadə imkanına malikdir. Bir ay davam edəcək anket rəsmi nəticə olmasa da seçicilərin daha çox hansı namizədə səs verəcəyini təxmini müəyyən edəcək.

Nərgiz Ehlamqızı