“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsi başa çatıb

saglam-bir-dunya-ucun-yasil-enerji-musabiqesi-basa-catib
Oxunma sayı: 1273

Azərbaycan Universiteti tərəfindən elan olunan “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qalibləri elan olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Alirza Orucov “Təmiz ada” adlı elmi işi ilə birinci yerə layiq görülüb.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı İlkin Mərufov ikinci, Azərbaycan Universitetinin tələbələri Sərxan Abbaszadə və Fəhmin Zakirli isə üçüncü yerə layiq görülüblər. I yerin sahibinə 800, II yerin sahibinə 600, III yerin sahiblərinə isə 400 manat pul mükafatı və müvafiq sertifikatlar təqdim olunub. Müsabiqə qaliblərinin elmi rəhbərləri də təltif olunublar.

Müsabiqənin bu gün keçirilən mükafatlandırma mərasimində Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, universitetin elmi işlər üzrə prorektoru prof. Yusif Qasımov, müsabiqənin tərəfdaşı Alternativ və Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini prof. Nurəli Yusifbəyli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru prof. Elçin Zeynalov, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktor müavini prof. Nəsimi Kazımov, Nəsimi rayon İcra Hakimiyyəti Gənclər və İdman idarəsinin rəisi Elbrus Abdullayev, “Social Innnovation Lab” beynəlxalq təşkilatının icraçı direktoru Cəsur Həsənov, müsabiqə komissiyasının üzvləri, müsabiqənin finalçıları və elmi rəhbərləri, universitetin müəllim – tələbə heyəti iştirak edib.

Tədbir müsabiqənin gedişatını işıqlandıran video-çarxın nümayişi ilə başlayıb. Video-çarx vasitəsi ilə tədbir iştirakçılarına müsabiqə ideyasının ortaya çıxması, müsabiqənin məqsədi, istiqamətləri və mərhələləri, komissiyanın üzvləri, daxil olan işlər və dəyərləndirilmə kateqoriyaları, iştirakçılar və finalçılar haqqında məlumat çatdırılıb.

Çıxışılarda müsabiqənin, o cümlədən mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin əhəmiyyətinə toxunulub, ölkəmizdə bu sahədə geniş vüsət almış işlər haqqında məlumat verilib.