Taksidəki fəlsəfə

taksideki-felsefe
Oxunma sayı: 2845

Qan Turalı 

Bir zamanlar taksiyə minmək az qala lüks idi. İndi isə günü-gündən artan taksi firmaları sayəsində ucuzlaşan qiymətlərlə taksiyə minmək daha əlçatan olub. Hətta zarafatca deyirlər ki, istədiyin qısa nömrəyə zəng vursan taksi xidmətinə düşəcəksən. 

Taksi də məlum məsələdir ki, nəqliyyat vasitəsi olmaqdan əlavə həm də ünsiyyət vasitəsidir. Hətta heç həvəsin olmasa belə istər-istəməz ünsiyyətə qoşulmalı olursan. Sentimentallıq kimi çıxmasın, taksi sürücüsünün həvəslə danışmağını görəndə Çexovun “Qüssə” hekayəsi yadıma düşür. Orda oğlu ölən faytonçu heç bir müştərisinə bu haqda danışa bilmir. Onu təhqir edirlər, söyürlər, hətta biri yumruqla ağzından vurur. Hekayənin sonunda isə bu əzablarını öz atı ilə bölüşür. Adam tapmır danışmağa. Ümumiyyətlə, insan danışmaq istəyirsə gərək ona qulaq asasan. Kövrək dəqiqələri başa çatdırıb mövzuya qayıdaq. 

Bizim taksi şoferləri ilə ünsiyyətdən min yazı çıxarmaq olar. Amma onların bir müşahidələrini deyəcəm. Məlumdur ki, taksi şirkətlərinin əksəri telefonla xidmət göstərir. Cəmi iki şirkət applikasyonla çalışır. Yəni ağıllı telefonla yüklədiyin proqramla olduğun yerə taksi çağırırsan. Taksi sürücüləri həmişə deyir ki, applikasyonla çalışan müştərilər daha mədəni olur. Reklam olmasın deyə adını demirəm.  

Bu faktın özü məni möhkəm maraqlandırdı.  Bu applikasyonlar ingilisin sözü olmasın, user friendly-dir. Yəni, istifadəçi dostudur, onları istifadə etmək çox asandır. Misal üçün, Facebookdan istifadə edən insan çox asanlıqla onlardan da istifadə edə bilər. Bəs bu uçurum nə üçün?!

Bu söhbəti bir neçə taksi sürücüsündən eşitmişəm deyə onu qəribçiliyə sala bilmirəm. Məgər applikasiyadan istifadə insanı daha yaxşı insan edir? İnsan applikasiyadan istifadə edəndə daha mədəni olur? Müşahidələr deyir ki, olur. Hətta bir sürücü telefonla xidmət göstərən şirkətdən məhz müştərilərlə problem yaşadığına görə çıxdığını deyir. Applikasiyadan istifadədə isə o heç bir problem yaşamadığını deyir. 

Fəlsəfənin qədim bir problemi var. İnsan niyə pislik edir? Pisliyin mənbəyi nədir?  Bunun problem haqda danışan Sokrat deyirdi ki, insan pisliyi nadanlığından edir. Yəni insana yaxşının nə olduğunu başa salsan o heç bir zaman pislik etməz. Doğrudur, mübahisəli məsələdir. Zatən bu barədə Sokrata çoxlu tənqidlər də deyilib. 

İndi isə taksi sürücüləri Sokratı təsdiq edir. Applikasiyadan istifadə edə bilirsənsə deməli daha mədəni, daha ziyalısan. İnsan bəzən fəlsəfəni taksi sürücülərindən öyrənir.