“Təkliflə razılaşmayan zorla çıxarılmayacaq”- - Hacıbala Abutalıbov

teklifle-razilasmayan-zorla-cixarilmayacaq-
Oxunma sayı: 2530



“Qafqazinfo”nun  Trend-ə  istinadən məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov sökülməsi nəzərdə tutulan evlərin sakinləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, bununla əlaqədar xüsusi işçi qrupu yaradılacaq: "İşçi qrupu vətəndaşların 9 əsas bənddən ibarət müraciətinə baxacaq və müvafiq təkliflər zərfini təqdim edəcək".

Yasamal rayonunda, 150 saylı orta məktəbin akt zalında keçirilən görüşdə A.Şərifovla yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və həmin ərazidən millət vəkili seçilmiş Ülvi Quliyev iştirak ediblər.

İ.Mehdiyevin sözlərinə görə, sökülməsi nəzərdə tutalan ərazini azad etmək istəməyən şəxslərə qarşı heç bir güc tətbiq edilməyəcək: "Kommunikasiya xətlərinin, xüsusilə işıq, qaz və elektrik enerjisi verilişinin kəsilməsi ilə bağlı heç bir narahatlıq olmamalıdır, bununla əlaqədar xüsusi göstərişlər verilib. Ərazinin sökülməsi və azad edilməsi üzrə bütün məsələlər qarşılıqlı razılıq əsasında həll ediləcək".

H.Abutalıbov qeyd edib ki, işçi qrupu təklifləri bütün sakinlərə yazılı formada təqdim edəcək: "Bu təkliflərlə razılaşan vətəndaşlar müəyyən edilmiş qaydada öz kompensasiyalarını ala biləcəklər. Bu təkliflərlə razılaşmayan şəxslər zorla çıxarılmayacaq. "Sovetski" sakinlərinin tələbləri diqqətlə öyrəniləcək və buna müvafiq olaraq, səmərəli təkliflər hazırlanacaq. Bütün məsələlər hər bir vətəndaşın marağı nəzərə alınmaqla fərdi qaydada həll ediləcək".

"Sovetski" sakinləri ilə növbəti görüş martın 3-də keçiriləcək və həmin görüşdə müvafiq təkliflər təqdim olunacaq.

Qeyd edək ki, Bakının "Sovetski" kimi tanınan ərazisinin bir qrup sakini plana əsasən şəhərin abadlaşdırılması işləri ilə əlaqədar evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazılıq ifadə ediblər. Sakinlər bildiriblər ki, onlara hər kvadratmetr üçün 1500 manat təklif edilib.