Turqut Özalın öldürülməsinin sirləri... - Fotolar

turqut-ozalin-oldurulmesinin-sirleri-fotolar
Oxunma sayı: 738

Mütəxəssislərin bildirdiyinə görə, DDT bədənə çox miqdarda qəbul ediləndə şok və ani ölümə səbəb olur. Böcək zəhərinin T.Özala maye və ya bərk qida maddələri ilə birlikdə verilmiş ola biləcəyi ehtimal olunur. Zəhər təsiri özünü qusma, ishal, tər, tənəffüs çətinliyi, nəbz artımı, əzələlərdə zəifləmələr, sıxılmalar və s. şəklində göstərir.

Dövlətin 5 ay əvvəl səsləndirdiyi suallar...

“Qafqazinfo”nun publika.az-a istinadən verdiyi məlumata görə, dövlət artıq iyun ayında eks-prezidentin zəhərlənməsi ilə bağlı şübhəsini ortaya qoymuşdu. Həmin vaxt Prezident yanında Dövlət Nəzarəti Təşkilatının hazırladığı hesabatın əlyazmasını “Aksiyon” jurnalı ələ keçirmişdi. Prezident yanında Dövlət Nəzarəti Təşkilatı T.Özalın ölümü üçün konkret olaraq, “sui-qəsddir” deyə bilməsə də, bir çox suallara cavab tapılmasının vacibliyini qeyd etmişdi.

Həmin suallar aşağıdakılar idi:

- T.Özalın cəsədi niyə yarılmadı? Xanımı Səmra Özalın buna icazə vermədiyi iddia edilsə də, bu, yetərli hesab olunmur. Şübhəli vəziyyətlərdə, hələ söhbət dövlət başçısından gedirsə, cəsədin yarılması üçün yaxınlarının razılığı tələb olunmur. Qan, tük və ət kimi nümunələr niyə götürülməyib? Alındığı deyilən qan nümunəsi niyə etibarlı bir şəraitdə saxlanılmayıb?

Qeyd edək ki, qan analizləri "təsadüfən" məhv olmuşdu.

- T.Özalın vəfat etdiyi səhər Çankaya Köşkündə həkimi yox idi. Prezidentin sağlamlığının qorunması üçün kim cavabdeh idi? Niyə həkim, tibb bacısı və digər tibbi heyət yox idi? Turqut Özal xəstəxanaya niyə təcili yardımla deyil, içərsində heç bir tibbi ləvazimat olmayan maşınla aparılmışdı?

- Foto və videogörüntülər araşdırıldığı zaman rəsmi qəbula dəvət edilənlərdən bir çoxunun kimliyi bilinmir. Çoxlu sayda kimliyi bilinməyən şəxs dövlət başçısının qatıldığı tədbirə necə girə bilmışdi? Təhlükəsizlik məsələsinin düzgün qurulmamasına görə, məsuliyyəti kim daşıyırdı?

- T.Özal Hacettepeyə aparılmışdı. Şənbə səhəri idi və şəhərdə tıxac yox idi. Vəziyyəti pis olan bir ürək xəstəsi təcili olaraq, ən yaxın xəstəxanaya aparılmalı idisə, yol üstündə Yüksək İxtisas və Ankara Tibb Fakültəsi var idi. Ürək cərrahlığı sahəsində ən inkişaf etmiş xəstəxana məhz Yüksək İxtisas xəstəxanası idi. Hansı səbəbdən Hacettepe seçilmışdi? Bu vəziyyətdə olan xəstə üçün 5 dəqiqənin belə, böyük əhəmiyyəti vardır. T.Özal Hacettepeyə çatdığında nəfəs almırdı. Buna necə və kim qərar vermişdi?

- T.Özalın sağlamlıq müayinəsi özəl bir xəstəxanada aparlmışdı. O, nədən dövlət xəstəxanasında və güclü təhlükəsizlik tədbirləri altında müayinə olunmamışdı?

1993-cü ilin müəmmalarına işıq salacaq cinayət...

Mərhum prezidentlə dost olmuş keçmiş hərbi məhkəmə hakimi Faik Tarımçıoğlu “Kanal A”-ya açıqlamasında bildirmişdi ki, T.Özalın ölümündə kifayət qədər qaranlıq məqamlar var. O, bildirib ki, vəfat etdikdən sonra xəstəxanada T.Özalın qan analizinin nəticələri gizlədilib. “Bizə dedilər ki, qanın olduğu şüşə həkimin əlindən düşərək sınıb. Bu isə kifayət qədər şübhələrə yol açır”- deyə F.Tarımçıoğlu qeyd edib: “Bu araşdırma Türkiyə tarixinin ən qaranlıq dövrü olan 1993-cü ilə işıq salaraq bir sıra məqamları üzə çıxara bilər”.

Turqut Özalın qardaşı Qorqud Özal da qardaşının zəhərlənərək öldürüldüyünü və əllərini Köşkə qədər uzanan bir təşkilatın mövcudluğunu əminliklə demişdi: “Öldüyü vaxt ağzının köpükləndiyi bildirilir. Ürək xəstələrində belə hal müşahidə olunmur. Açıq ürək əməliyyatı keçirmiş, daim narahatlığı olan bir dövlət başçısının Köşkündə həkimin olmaması qəribə görünür. O, öldükdən sonra Türkiyə bataqlığa getdi. Əgər o, prezidentliyində qalsaydı, bu gün Konstitusiya Məhkəməsi tamam başqa cür olardı. Turqut bəyə 1988-ci ildə sui-qəsd edildi, kimin etdiyini də bilirdi və adını da mənə dedi. Qardaşımı zəhərlədilər. Bəli, böyük qardaşımın ölümünə böyük hazırlıq aparılmışdı. Birini Köşkə daxil edərək qardaşımı öldürdülər. Əlləri Köşkə qədər uzanan bir təşkilat var. İnfarkt keçirən zaman qardaşıma yardım edilməmişdi, ya da etdirilməmişdi. Sanki ölməsini gözləyirdilər”.

PKK, yoxsa, Türk Birliyi?

Diqqəti çəkən odur ki, Türkiyənin 8-ci prezidenti Turqut Özal 1993-cü ildə, əvvəlcə Azərbaycana səfər etmışdi. Türk Birliyinin yaradılması üçün yeni layihənin reallaşdırılmasını açıq şəkildə ortaya qoymuşdu. Sonra o, Orta Asiya və Azərbaycan da daxil olmaqla, 5 ölkəyə 12 günlük səfərdən qayıtdıqdan az sonra - 17 aprel 1993-cü il tarixdə dünyasını dəyişmişdi. O, Türk Dövlətlərinin Birliyini yaratmaq istəyirdi. Türkiyə mediasının xəbərlərinə və şərhlərinə görə isə, bu ideya heç bir halda, ABŞ və Rusiyanı qane edə bilməzdi.

T.Özalın SSRİ imperiyasından ayrılaraq, müstəqilliklərinə qovuşan türk respublikalarını bir neçə dəqiqə içərisində tanıması onun Türk Birliyinə olan münasibətindən xəbər verirdi. T.Özalın mühafizə xidmətinin rəhbəri Musa Öztürk 2005-ci ilin may ayında mətbuata açıqlamasında belə demişdi: “T.Özal Orta Asiya türklüyü ilə Anadolu türklüyünün inteqrasiyası üçün çalışırdı. Türklərin inteqrasiyasını istəyirdi və müasir Turançı idi”.

M.Öztürk həmçinin ABŞ prezidenti Corc Buş və T.Özalın Kərkük mövzusunda razılaşdıqlarını, Fransa maneə olmasaydı, Kərkükün alınacağından danışırdı.

T.Özalın ölümünün ardından "Ölməsəydi, Türk Birliyini quracaqdı" şəklindəki qiymətləndirmələrə də Türkiyə daxil olmaqla, Türk Dünyasının hər yerində rast gəlinirdi. Hətta o dövrün nazirlərindən biri T.Özalın Türkmənbaşıya “Avropa Birliyinə bənzər bir türk birliyi yaradaq” şəklindəki çağırışından bəhs etmişdi. T.Özalın Türk Dünyası ilə bağlı davranışlarının nəticəsi idi ki, eks-prezidentin ölümünün onun Türk Dünyasına gəzintisi ilə bağlamaq cəhdləri inandırıcı görüntülər qazanırdı.

Doğrudanmı, T.Özal Türk Birliyini yaratmaq istədiyi üçün öldürüldü? Təəssüf ki, bu sual hələ də açıq qalmaqda davam edir.

Turqut Özala qarşı edilən sui-qəsdin PKK məsələsi ilə bağlılığını açıq şəkildə söyləyənlər də kifatyət qədərdir. O, kürd probleminin həlli üçün böyük sülh layihəsini tezliklə elan etməli imiş.

Təbii ki, PKK məsələsinin həllini istəməyən kifayət qədər güclər var idi və onlar T.Özalın ölümünü təşkil edə bilərdilər. T.Özalın ölümünün PKK ilə bağlılığını ortaya qoymaq üçün Türkiyənin polis əks-kəşfiyyatı idarəsinin keçmiş rəisi Bülənt Orakoğlunun 2008-ci ildə “Haberacanda” jurnalına verdiyi müsahibəsinə diqqət yetirək. Həmin müsahibədə B.Orakoğlu demişdi ki, T.Özala Türkiyədə "dərin dövlət"lə PKK arasındakı əlaqələrdən bəhs edən dosye təqdim edilibmiş. O, həmin dosye ilə tanış olduqdan az sonra keçinib. Keçmiş kəşfiyyatçının dediyinə görə, jurnalist Abdi İpəkçi və Uğur Mumcu da gizli PKK dosyesini oxuduqdan sonra öldürülüblər. Onun dediyinə görə, Abdi İpekçi bu dosye haqqında məlumatları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Ankaradakı rezidentinə ötürmək üçün onunla görüşüb. Lakin o, dosyeyə çıxış əldə etdiyini bəlli etdikdən az sonra öldürülüb.

B.Orakoğlu deyib ki, Uğur Mumcuya da öldürülməzdən üç gün əvvəl belə dosye gəlibmiş. O, dosye ilə bağlı prezident Turgut Özalla danışmağa cəhd göstərib. Lakin bu, mümkün olmayıb. Bundan sonra jurnalist o vaxtkı jandarma qüvvələri komandanı, ordu generalı Əşrəf Bitlislə telefonla danışıb və dosyedəki məlumatları ona çatdırıb. Üç gün sonra tanınmış jurnalist məruz qaldığı bombalı hücum nəticəsində öldürülüb. Mumcudan az sonra isə general Ə.Bitlisin uçduğu təyyarə vurulub və o, həlak olub. B.Orakoğlu xatırladıb ki, T.Özalın ölümü general Ə.Bitlisin ölümündən cəmi iki ay sonraya təsadüf edib. Onun sözlərinə görə, keçmiş prezidenti “dərin dövlət” aradan götürüb.