Gənc siyasətçilər bir araya toplandı

genc-siyasetciler-bir-araya-toplandi
Oxunma sayı: 1590

Milli Məclisin Gənclər və idman komitəsinin “Azərbaycanın gənclər və idman siyasətinin inkişaf perspektivləri” mövzusunda iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Gənclər və idman naziri Azad Rəhimov, Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev, deputat Adil Əliyev, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və digər şəxslər iştirak ediblər.

MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov qeyd edib ki, tədbir Gənclər və İdman Nazirliyi ilə birlikdə hazırlanıb. O bildirib ki, Azərbaycanda gənclər və idman siyasəti prioritet istiqamətdir: “Dünən cənab Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı idmançılarla görüşü oldu, nailiyyətlər haqqında geniş müzakirələr aparıldı. Bu gün ölkə başçısı İlham Əliyevin doğum günüdür. Onu bütün iştirakçılar adından ürəkdən təbrik edirik, ona can sağlığı arzulayırıq. Gənclərin bu gün Azərbaycan cəmiyyətində xüsusi rolu var. Bu istiqamətdə görülən işlər hər bir gəncə gedib çatır”.

Nazir Azad Rəhimov MM-ə yeni seçilən deputatları təbrik edib, yeni yaradılmış Gənclər və idman komitəsinin bu sahədə apardığı işlərə uğurlar arzulayıb:“Gənclər və idman sahəsində infrastuktur yaradılır, paytaxtda və regionlarda 70-dən olimpiya kompleksi və gənclər evləri fəaliyyət göstərir. Gənclər və idmançıların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib və dövlət proqramları qəbul olunub”.

Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, Azərbaycanda gənclər və idman sahəsində çox uğurlu layihələr həyata keçirilib: “Bu, ölkə rəhbərinin sözügedən sahəyə diqqəti və əlaqədar qurumlarının fəal iştrirakının nəticəsidir. 4 minə yaxın qeyri-hökümət təşkilatı fəaliyyət göstərir. Onların arasında xüsusi fəallığı ilə seçilən gənclər təşkilatları da var. Onların ekologiya, idman, səhiyyə və digər sahələrdə fəaliyyətləri və təşəbbüslərini mətbuat səhifələrindən izləyə bilərsiniz”.