BANM-də “Tələbə Həftəsi” çərçivəsində görüş

banm-de-telebe-heftesi-cercivesinde-gorus
Oxunma sayı: 790

Azərbaycan Tələbələr Birliyinin 10-17 noyabr 2015-ci il tarixlərində elan etdiyi “Tələbə Həftəsi” çərçivəsində daha bir tədbir Bakı Ali Neft Məktəbində təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov dövlətimiz tərəfindən gənclərə böyük diqqət göstərildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin gənclər siyasətinə önəm verdiyini və onların inkişafı üçün mühüm işlərin görüldüyünü bildirib.

Daha sonra çıxış edən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bildirib ki, Bakı Ali Neft Məktəbi artıq ölkəmizdə nümunəvi ali təhsil müəssisəsinə çevrilməklə yanaşı müəyyən məsələlərdə innovativ yanaşmaları ilə ölkəmizin təhsil sistemində yeni bir yol açıb. O, Azərbaycan Tələbələr Birliyinin fəaliyyəti və “Tələbə Həftəsi” barədə geniş məlumat verərək bu tədbirin 17 noyabr “Beynəlxalq Tələbə günü” ilə əlaqədar olaraq keçirildiyini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin yanında Gənclərlər iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin mahiyyətindən danışıb, bu sahədə tələbələrə göstərilən diqqətin önəmini vurğulayıb. Nurəddin Mehdiyev, həmçinin, koordinatoru olduğu "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyətindən danışmış, tələbələri Mərkəzin həyata keçirdiyi layihələrdə aktiv iştirak etməyə və Mərkəzin hazırladığı müxtəlif məhsulların dünya ictimaiyyətinə çatdırılmasında köməklik göstərməyə çağırıb.

Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Azərbaycanda dövlət tərəfindən aparılan gənclər siyasətindən, habelə gənclər siyasətinin uğurlu nümunələrindən biri kimi Bakı Ali Neft Məktəbinin yaradılmasından söz açaraq, Ali Məktəbdə tələbələr üçün yaradılan şərait, gənclərin müxtəlif layihələrdə iştirakı, Bakı Ali Neft Məktəbinin tələbələrinin müxtəlif tələbə təşkilatlarında və tələbə klublarındakı fəaliyyətindən bəhs edib.