- Sizcə, postmodernizm nə deməkdir?
- Postmodernizmə konkret şəkildə tərif vermə kmümkün deyil. Bunun üzərində illərdir elm adamları düçünür, hələki konkret cavab yoxdur. Bəzilərinə görə postmodernizm modernizmdən qopmanı ifadə edir. Bəzilərinə görə isə o, modernizmin daha yüksək bir formasıdır. Kiməsə görə postmodernizm kollaj texnikasıdır. Eyni zamanda kimlərəsə görə də tarixin sonunu elan edən bir axındır. Lakin yenə də onu «modernizm sonrası, modernizmə reaksiya olaraq ortaya çıxan axın» şəklində dəyərləndirə bilərik.
Bəzi alimlər postmodernizmi “hiper-interpretasiyanın sonu” kimi dəyərləndirirlər.
Ümumiyyətlə çoxları postmodernizmi ancaq ədəbiyyatla bağlayırlar.
Bu səhv yanaşmadır. Postmodernizm fəlsəfi cərəyandır və memarlıq, rəssamlıq, musiqi, rəqqaslıq, psixoanaliz, teologiya, tarix, fəlsəfə kimi fərqli-fərqli sahələrdə istifadə edilir.
Postmodernizmin bir çox əlamətləri var. Ən önəmliləri: qeyri-müəyyənlik, parçalanma, qaydalarınpozulması, ironiya, “mən”initirilməsi, mələzləşmə (hibridləşmə), karnavallaşma, gələcəyədönüş (Back to the future), hərşeygedir (anything goes). Postmodern əsər bu əlamətlərin birinin və bir neçəsinin tələblərinə mütləq cavab verməlidir.
Bir də yeri gəlmişkən postmodernizmin inkarıinkarnəticəsində yaranmış cərəyan olduğunu unutmamalıyıq.
Fikrimi ümumiləşdirərək demək istəyirəmki, impressionizmdən, kubizmdən, ekspressionizmdən və hətta modernizmdən fərqli olaraq, postmodernizmi asanlıqla başa düşmək və dərk etmək mümkün deyil.Demək bu cərəyanın estetik meyarları işə yaramır və həm bircərəyan, həm bir anlayış olaraq tezliklə öz parlaqlığını itirəcəkdir.
- Niyə bu gün şeirlərdə qafiyə pozulursa, müəlliflər bunu postmodernizm cərayanına aid edirlər?
- Əslində postmodernizm bir ədəbi cərəyan olaraq qafiyənin inkarını tələb edir. Çünki, postmodernizm həm də qloballaşmadır. Qloballaşma üçün isə şeirin müxtəlif dillərə tərcümə olunması vacibdir. Postmodernlər burada çıxış yolunu qafiyəsiz şeirdə görürlər. Çünki, postmodern şeirdə işlədilən sadə, bəsit ifadələri tərcümə etmək, “atdı müjgan oxun, keçdi sinəmdən” misrası qədər çətin deyildir.
Eyni zamanda qafiyənin inkarında poeziyada publisistik düşüncələrin ifadə edilmə ehtiyacı damühüm rol oynayır
Lakin bütün dünyada qafiyəsiz poeziya ancaq bir cərəyan, dəb xarakteri daşımış və qafiyənin şeir dilinin əsası kimi əhəmiyyətini aradan qaldıra bilməmişdir.
Ümumilikdə daha ağıllı ədəbi tənqidçilər hesab edirlər ki, qafiyədən uzaqlaşmaq şeiri ancaq qafiyədən əvvəlki yaranış dövrünə qaytara bilər. Bizdə isə özlərini postmodern adlandıranlar postmodernizmin daha əhəmiyyətli əlamətlərini şeirlərində ehtiva edə bilmədikləri üçün, ancaq qafiyədən uzaqlaşmaqla,şeirlərə vulqar ifadələr salmaqla bu cərəyanda olduqlarını düşünürlər.
- Postmodernist olmaq fərqlənmək deməkdir?
- İstənilən bir ədəbi cərəyanda olmaq öz növbəsində digərlərindən fərqlənmək deməkdir. Postmodern olmaq isə daha çox fərqlənmək deməkdir. Çünki, bu cərəyan insanlar üçün daha qəribə görünür.
- Azərbaycanda postmodernist olmaq necə hisdir?
- Postmodern olmadığım üçün bunun necə bir hiss olduğunu deyə bilməyəcəyəm. Çünki, bu hissi yaşamamışam. Ancaq, düşünürəm Azərbaycanda postmodernlərə kütlə hələ ki, avara, səfeh, nə yazdığını bilməyən ünsürlər kimi baxır. Çünki, xalqın düşüncə tərzi ilə postmodern şeir bir araya gəlmir. Hələ Sovet İmperiyası dövründəucqarlarda proletar poeziyası yaratmaq üçün V.Mayakovskiyə
təqlid edən şəxslər himayə edilirdi. Azərbaycanda da buna yuxarıdan təşəbbüs edilsə də, qafiyəsiz şeir oxucular tərəfindən qəbul edilmədi.
Bundan başqa bu xalq hələ postmodern yazarlara lazım olan qloballaşma üçün hazır vəziyyətdə deyil. Odur ki, şeirində “arvadının tələbatının harda ödənilməsindən”, “ən yaxşı şeirlərn unitazda oturarkən yazılmasından”, “atasının oğraşın biri kimi görünməsindən” yazmaq ancaq ikrah hissi doğurur. Daha yaxşı olar ki, ədəbi mühitdə özlərini postmodern adlandıranlar daha çox postmodernizmi fəlsəfi anlayış olaraq öyrənsinlər və məsələyə postmodernizmin daha böyük imkanları ilə yanaşsınlar.
- Bunun üçün ölkəmizdə şərait yaradılıbmı?
- Düşünürəm ki, kifayət qədər imkanlar var. Təqaüd proqramlarından istifadə edən kifayət qədər postmodern yazarlar var. Saytları, jurnalları, qezetləri və s. var. Eyni zamanda düşünürəm postmodernizm qloballaşmaya, qloballaşma isə amerikanlaşmaya xidmət etdiyi üçün hər halda müxtəlif donor təşkilatların maliyyə dəstəyindən də istifadə etməmiş deyillər.
- Sizin üçün kimlər postmodernistdir?
- Dünya ədəbiyyatında Don Delilo, Reymond Federman, Viktor Pelevin, Orxan Pamuk, Elif Şafak və ilaxır adları misal çəkmək olar. Azərbaycanda isə özlərini postmodern adlandıranları tanıyıram. Lakin, bu yazarlar heç postmodernizmin tələblərinə də cavab vermədiyi üçün heç kimi misal çəkə bilməyəcəyəm.
Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.