“Beş-altı gün yas paltarı geyərlər...” - Zəlimxan Yaqub

bes-alti-gun-yas-paltari-geyerler-
Oxunma sayı: 24477

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq şairi Zəlimxan Yaqub uzun sürən ağır xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar Almaniyada müalicə alırdı, o, dializ qəbul etməklə yaşayırdı.

“Qafqazinfo” bu məqamda unudulmaz şairin yaradıcılığndan bir neçə şeirini oxuculara təqdim edir:

Arzu

Dəlib-deşir ürəyi dərd ürəkdə qalanda,
Dərdləşmək gözəl işdi, dərdini duyan ola.
Ürəyindən keçəni gözlərindən oxuyan,
Sənə ömrünü verib, vaxtını qıyan ola.

Qayğılar sığal çəkə könül adlı sazına,
Naz satasan dünyaya, dünya dura nazına.
İnsan qibləyə dönə durasan namazına,
Sirrinə yaxşı sirdaş, qəlbinə həyan ola.

Səslər içində səsin, adlar içində adın,
Əzizinə dönəsən həm doğmanın, həm yadın.
İçində boğulmaya arzun, eşqin, muradın,
Hökmünü, qüdrətini ellərə yayan ola.

Yalan – zülmət, qaranlıq, doğru – səhər, doğru – dan,
Danışasan doyunca həqiqətdən, doğrudan.
Nə ruhunu sarsıdan, nə başını ağrıdan,
Nə dediyin söz üstə dərini soyan ola!

Ömür-gün varaqlana qədim bir kitab kimi,
Sevinci sevinc kimi, əzabı əzab kimi.
Duyğular, düşüncələr çözələnə sap kimi,
Fikir fikrə, səs səsə, söz sözə uyan ola!

Hökmü sənə yar ola dəqiqənin, saatın,
Nuruna çevriləsən, bu nurlu Kainatın.
O qədər şirinləşə ömrün, günün, həyatın,
Nə sən doymaq biləsən, nə səndən doyan ola!

 

Qəbirdən gələn səs

Qəbirdən gələn səs
Dünyada ən rahat yer
qəbir evidir ancaq.
Vardı bir can borcumuz,
borcu verdik qayıtdıq.
Başımıza qaxmasın
xərcimizi çəkənlər,
Canımız bahasına
xərci verdik qayıtdıq.
Endik torpağın üstən,
düşdük torpaq altına.
Qalanı təslim etdik,
bürcü verdik qayıtdıq.

 

Nə dil bilsin, nə dodaq

Eldən gizli sözüm yox,
Özgəsində gözüm yox,
Sənsiz canda dözüm yox,
Diş də bilsin, dodaq da.

Durub dayanmaq nədir?
Sevgini danmaq nədir?
Qoy görsün yanmaq nədir
Nur da bilsin, çıraq da.

Arıtək açışanda
Dadmışam balı şanda.
Qoy yanaq alışanda
Köz də bilsin, ocaq da.

Gülən üzüm ol mənim,
Görən gözüm ol mənim,
Doğrum. düzüm ol mənim,
Haqq da bilsin. nahaq da.


Şairəm, siz məni qınamazsınız

Ey məni duyanlar, məni sevənlər,
Ömrüm bağçasında bahar-yazsınız.
Telləri gümüşdən, üzü sədəfdən,
Siz mənim qəlbimdə dinən sazsınız.

Şeytanın zəhməti hədərdi-hədər,
Dost olan ürəkdən gen düşər kədər,
Sayınız olsa da, ulduzlar qədər,
Mənimçün azsınız, yenə azsınız.

İsti yuvamsınız - uçan quş olsam,
Dərmanım sizsiniz - dərdə tuş olsam.
Arada kimisə unutmuş olsam,
Şairəm, siz məni qınamazsınız.

 

Hamı bu şəhərə dipdiri gəlir

Şəhər dünyasıdı…
gündə meydana
ağıllısı çıxır,
dəlisi çıxır.
Hərənin bir cürə
nəfəs kəsəni,
Hərənin bir cürə
zəlisi çıxır.
Hamı bu şəhərə
dipdiri gəlir,
Hamının şəhərdən
ölüsü çıxır.