Gülürəmsə, demək varam

guluremse-demek-varam-
Oxunma sayı: 1204

Birinci cavab: soruşursan ki, niyə indiyə qədər kitabım çıxmayıb. Bu sualı mənə 2-3 il əvvələcən çox tez-tez verərdilər (Deyəsən, yorulublar, day vermirlər). Deyirdim ki, heç İsanın, Məhəmmədin sağlığında kitabları çıxmayıb, bəyəm mən onlardan artığam ki, kitab çıxarım. Bu, əlbəttə ki, bir zarafat idi.

Mənim kitab çıxarmamağım təvazökarlıq yox, əslində iddiamdan irəli gəlir. Birinci, mən təbiət etibarilə fərdiyyətçi adamam, kütləvi heç nəyi, xüsusən də, düşüncə dəbini sevmirəm. Buna görə kitab çıxarma yarışına qoşulmaq istəmirəm. İkincisi, əgərçi bir kitab həyatımda heç nəyi dəyişməycək, o mənim nəyimə lazımdır? Azərbaycan insanının kitab çıxarması özünü aldatmaqdır, əzizim Kəramət, özünü aldatmaq. Qoy inciməsinlər, kitab müəlliflərinə hərdən yazığım gəlir. Onlar övladlarını saxlaya bilməyən valideynlərə bənzəyirlər. Kitab bu gün pis övladdır. O, müəllifə sözün ciddi mənasında heç bir divident gətirmir, hələ bu azmış kimi, onu əlavə qayğılarla yükləyir. Kitabı çıxarıb sonra onun əlində qalırlar. Pul ver kitab çıxartdır, sonra pul ver, təqdimat elə, sonra kimdənsə xahiş et, yazı yazdır, sonra kitabını qarşına çıxanlara payla ki, sən allah, mənim kitabımı oxuyun və s. Ortada da heç nə yox! Bizdə beyin yox, muskul erasıdır. Bilsəydim, gənclikdən üzü bəri kitablara sərf elədiyim vaxtı idman klublarına gedər, muskullarımı şişirtməklə məşğul olardım. Bir dostumuz idman zalı açmaq istəyir. Gec də olsa, özümü bu sahədə sınamaq istəyirəm. Görək, Allah kərimdir.

İkinci cavab: soruşursan ki, niyə çox gülürəm və nəyə gülürəm? Rene Dekart deyirdi ki, düşünürəmsə, demək varam. Sensualistlər deyirdi ki, duyuruqsa, demək varıq. Xeyzinqa yazır ki, oynayıramsa, demək varam. Mən deyirəm: gülürəmsə, demək varam. Gülmək bütün canlılar arasınada məhz insana məxsusdur. Gülüş başlayan yerdən insanlıq başlayır. Çünki gülüş şüurun daha yüksək durumu ilə bağlıdır. Heyvanlar ağlaya bilir, amma gülə bilmirlər, həmişə kədərli olurlar. Şüurları yoxdur.

“Gülüşün ağılla əlaqəsi nədədir?”, - deyə soruşa bilərsən. Gülmək üçün nəyisə əvvəlcə dərk etməlisən. Dərk etmək isə ağılla olur. Təsəvvür edirsən, tutaq ki, it, ya at qəhqəhə çəkə gülə, ya gülümsəyə? Bu, nə qədər əcaib bir şey, əsil multfilm olardı. Çünki heyvan həmişə təbiətin və öz təbiətinin içindədir, heç vaxt onun fövqünə qalxa bilmir, yəni özünü varlıqdan ayırıb nə öz “mən”i, nə də ətrafı dərk edə bilmir.

Marks deyirdi ki, bəşər öz tarixi keçmişindən həmişə gülə-gülə ayrılır. Keçmişi dərk edir, ona pərəstişdən azad olur, gülür və ondan xilas oluruq. Gülmək bütpərəstliyi, mifləşdirməni, fetişləşdirməni aradan qaldırır.

Gülmək həm də fiziopsixolji terapiya, özünümüdafiə vasitəsidir. Buna görə kədər özünün ən dəhşətli formasında gülüşə çevrilir. Yoxsa insan ölər. Ən əziz adamını itirənlər bəzən qol götürüb oynayırlar… və s. və s. Deyəsən, mən artıq gülüşün fəlsəfəsi haqda ayrıca məqalə yazıram. Bu qədər kifayətdir. Ola bilsin, bu haqda ayrıca yazı yazam. “Mən niyə gülürəm”.

Üçüncü cavab: soruşursan ki, nəyə gülürəm. Bayağılığa. Boğazının damarları qışqırmaqdan şişən Manaf Ağayevi müğənni sayırlar. Toyda saçyoldusuna çıxan Aygün Xalq artistidir!!! Təsəvvür edirsən bu, bayağılığın hansı həddidir? Üstəlik də özünü Uitni Hyuston kimi aparmaq istəyir.

Mel Gibsonun “Apokalipsis” filmindəki hindulara bənzəyirik. Balaca bir meşədən ötrü bir-birimizi qırırıq. Dünyanın böyüklüyü haqqında təsəvvürümüz yoxdur. Dünyanın xəritəsini görə bilmirik. Məhduduq. Bilmirik ki, başı şlemli, əli tüfəngli düşmənlər Kolumb başda olmaqla “avropa”dan gəmiylə üstümüzə gəlir.

Mən iki il Polşada yaşamışam. Amma bircə dəfə təyyarəyə oturub uzağa yox, Türkiyəyə getmək kafidir ki, Azərbaycan həyatının dəhşətli bayağılığını başa düşəsən. Hər dəfə xarici ölkəyə gedib gələndə xəcalət hissi keçirir və “gülürəm”.

Dördüncü cavab: soruşursan ki, niyə bu qədər nikbinəm. Allaha inandığım üçün. Birinin işi düz gətirmir, biri ailəsindən ayrılır, birinin övladı olmur, birinin pulu olmur … kədərlənirlər. Çünki Allaha inanmırlar. Allaha inam olan yerdə heç bir kədər, ruh düşkünlüyü ola bilməz. Allaha inam bizə bir şeyi başa salır – varlıq yalnız bu dünyadan ibarət deyil. Allaha inam bizə ən dəhşətli qorxuya – ölüm qorxusuna belə üstün gəlməyə səbəb olur. Başa düşürsən ki, ömür keçici, həyat isə əbədidir və bu fani dünya özünün hər hansı bir dərdiylə bizi sındırmağa nə layiq, nə də qadir deyil. Çünki qarşıda bizi daha böyük bir aləm – Allahla görüş gözləyir. Mübariz İbrahimovu qəhrəmanlığa sövq edən də ilk öncə bu düşüncə idi. Əgər hamı Allaha inansa, ümummilli səviyyədə mübarizləşər və Qarabağı alardıq. İsa əleyhissəlam nə deyirdi öz şagirdlərinə - “ağacdakı quşlar kimi olun.” Quş quşluğuyla bu gün bir dən tapıb yeyir və sabahı nəğməylə açır. Bəyəm biz bir quşcan da yoxuq ki, bədbin olaq?

Beşinci cavab: soruşursan ki, əzab çəkdiyim nəsə varmı? Vaqif nə deyirdi: Toy-bayramdır, bu dünyanın əzabı, ağlı olan ona gətirər tabı. Vaxtilə əzab çəkdiyim şeylər çox olub. Onda əbədiyyətimə inanmırdım. Axirətə inanmırdım, Allaha inanmırdım. Şagird vaxtı hətta dörd qiymət almağım da əzabıma səbəb olub. Sevgiylə bağlı dəhşətli qısqanclıq əzabları çəkmişəm. Yuxudan qışqıraraq, qan-tər içində oyanmışam. Anamın ölümü əzablarımın zirvəsi olub. Günlərlə səsim batıb, boynum əyri qalıb. İnanmıram ki, bu ağrıdan, əzabdan sonra nəsə məni kədərləndirə bilsin. Mənim əzab limitim dolub. “Nəsimi” filmində Teymurun casusunu tutan hürufi müridləri onu boğub öldürmək istəyir. Nəimi onu müridlərin əlindən alır və deyir: “Mən onun üzündə insan əzabının son həddini gördüm. O daha bir kəsə pislik eləməz”. Mən özümü sonralar dərviş olan o casusa bənzədirəm. Amma təkcə pislik yox, əzabla da vidalaşmışam. İndi – bu yaşda nəyin əzabını çəkirəm – bunu bilmirəm. Yeganə bir şey var ki, məni bəri başdan qorxudur – qəbr əzabı, qəbr sıxıntısı. Bu hiss məndə Azər Abdullanın “Gül yağışı” hekayəsini oxuyandan sonra yaranıb. Sənə o dəhşətli hekayəni oxumamağı məsləhət görürəm.

Altıncı cavab: deyirsən ki, Əsəd, hökmdarın hüzurundasan. Təki elə hökmdarın hüzurunda olaydıq! Heç hökmdar bizi adam sayıb hüzuruna çağırır, deyir ki, niyə məni tənqid edirsiniz? “Namaz” poemasının böyük bir hissəsi kosmetik toy-bayram əhvalının tənqidi ilə bağlı Prezidentə müraciətdən ibarətdir. Amma mənim yox, hətta Rüstəm İbrahimbəyovun da yazdıqları hakimiyyətə vız gəlir.

Soruşursan ki, zamanın hüzurunda olduğunuzu hiss edirsinizmi? Mən 21 yaşımacan zaman adamı olmuşam. Özümü bədən kimi dərk etmişəm. Sonra 7 illik keçid dövrü gəldi. 28 yaşdan sonra zaman kateqoriyası mənim üçün ikinci plana keçib. İndi özümü bədənim yox, ruhumla eyniləşdirirəm. Ruh isə əbədiyyət deməkdir. Özümü zaman yox, Allahın hüzurunda hiss edirəm. Allah isə zamansızlıq deməkdir.

Yeddinci cavab: soruşursan ki, bu yaşacan hansı itkilərim olub? İtki və qazanca hərə bir rakursdan baxır. Mənə görə, biz heç vaxt heç nəyi itirmirik. İtki sadəcə zahiri görüntüdür. Çünki biz Allahın bildiklərini bilmirik. Gələcək daha böyük qazanclar üçün Allah nələrisə əlimizdən alır, biz bunu itki sayırıq. Mənim Allaha, axirətə, ruhun ölməzliyinə inamım ən dəhşətli itkimdən – anamın ölümündən sonra başlayıb. Bu itki mənim üçün həqiqətə açılan pəncərə oldu. Bu itkiylə mən özümü dərk etdim, özümü qazandım. Başa düşdüm ki, ölən ancaq bədəndir, ruh isə əbədidir.

Hər enişimiz gələcək yüksəlişimiz üçün bir vasitədir. Nəyisə itirir, əzab çəkir, düşünürük. Düşündükcə ağlımızın miqyası genişlənir. Ağlımız genişləndikcə qazanırıq. Çünki hər qazanc ilk öncə ağılda baş verir, sonra praktikləşir. İstənilən yeni situasiya, zahirən nə qədər uğursuz görünsə də, ancaq və ancaq xeyrimizədir. Çünki Allah bizi bizim özümüzdən daha yaxşı tanıyır və sevir. O, nə prezidentə, nə sədrə, nə müdirə bənzəməz. O, ədalətlidir.