“Yarımçıq əlyazma” ingilis dilində çap olundu

yarimciq-elyazma-ingilis-dilinde-cap-olundu
Oxunma sayı: 728

“Qafqazinfo”nun məlumatına görə, kitabın üz qabığında, əsərdə cərəyan edən hadisələrin ruhuna uyğun olaraq, Ortaçağ və Dədə Qorqud dövrlərinin stilini və həyat qavramını əks etdirən zövqlü illüstrasiya verilib. Əsərin Amerika nəşrinin ilk vərəqində müəllif tərəfindən «Bütün müəllimlərimə və tələbələrimə» ithaf sözləri yer alır.

“Yarımçıq əlyazmanın” ABŞ nəşrinin önsözünü Viskonsin-Medison universitetinin professoru, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli mifologiya və ritorika üzrə dünyada tanınmış mütəxəssis Maks Statkiyeviç yazıb.

Kitab ingiliscəyə rus və Azərbaycan nəşrləri əsasında tərcümə edilib. Nəşrin üz qabığına yerləşdirilmiş annotasiyada deyilir: “Anna Tomsonun ingilis dilinə tərcümə etdiyi “Yarımçıq əlyazma” romanı əfsanəvi Ortaçağ qəhrəmanlarının xəyali həyatından bəhs edir. Gənc tədqiqatçı Əlyazmalar institutunda elmə məlum olmayan bir salnamə aşkarlayır və bunun «Kitabi Dədə Qorqud» eposu olduğunun fərqinə varır. Eposda Dədə Qorqudun və Ortaçağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri tamamilə yeni interpretasiyada təqdim olunur. Heyranlıqla oxunan bu roman artıq bütün dünyada oxucuların ciddi marağına səbəb olmuşdur”.

Romanın Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa və s. kimi zəngin ədəbi ənənələri olan ölkələrdən sonra ABŞ-da da işıq üzü görməsi bütövlükdə Azərbaycan ədəbiyyatının uğurudur.

P.S Kitabda Nəşriyyat (SBPR) tərəfindən müəyyən edilmiş daxili rəy müəllifinin son cümləsi belədir: “Əminəm ki, oxucu kitabı əlindən qoymaq istəməyəcək.”