Alimlər Alp dağlarında tapılan və təxminən 5300 il yaşı olan məşhur “buz adamı” Ötzinin bədənində aşkarlanan canlı maya nümunələrini laboratoriyada çoxaldaraq mayalı çörək hazırlayıblar.
“Qafqazinfo” xəbər verir ki, 1991-ci ildə Alp dağlarında təsadüfən aşkar edilən Ötzi Misir piramidalarının inşasından əvvəl yaşamış və arxadan atılan ox nəticəsində öldüyü müəyyən edilmiş qədim insan mumiyasıdır.
O, tapıldığı gündən bəri xüsusi şəraitdə qorunur və üzərində aparılan tədqiqatlar elm dünyasına yeni məlumatlar təqdim etməyə davam edir.
İtaliyadakı “Eurac” Tədqiqat İnstitutunun alimləri Ötzinin daxili orqanlarında və toxumalarında soyuq mühitə uyğunlaşmış canlı maya növlərinin mövcudluğunu müəyyən ediblər.
Araşdırma göstərib ki, mumiya sadəcə dondurulmuş bir qalıq deyil, minilliklər ərzində müxtəlif mikroorqanizmlərin yaşadığı mürəkkəb bioloji ekosistemdir.
Tədqiqatçılar Ötzinin həzm sistemindən götürülən maya nümunələrini laboratoriyada çoxaldaraq, onlardan çörək hazırlanmasının mümkünlüyünü araşdırıblar.
İlk cəhdlər uğursuz olsa da, üç ay davam edən sınaqlardan sonra alimlər qədim maya ilə hazırlanmış, dad və keyfiyyət baxımından uğurlu hesab edilən mayalı çörək əldə etməyə nail olublar.
Komanda gələcəkdə eyni maya növündən istifadə edərək qədim üsullarla pivə də hazırlamağı planlaşdırır.
Araşdırma zamanı maraqlı bir xüsusiyyət də üzə çıxıb. Məlum olub ki, bu maya növü mumiyanın qorunması üçün istifadə edilən və normalda zəhərli hesab olunan fenol maddəsini parçalaya bilir.
Alimlərin fikrincə, bu xüsusiyyət gələcəkdə sənaye tullantıları ilə çirklənmiş ərazilərin təmizlənməsi və bioloji bərpa layihələrində istifadə oluna bilər.
Ötzinin mikrobiomunun analizi zamanı müasir şəhər əhalisində, demək olar ki, rast gəlinməyən, lakin bəzi yerli qəbilələrdə hələ də mövcud olan bakteriya növləri aşkarlanıb.
Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr qədim insanların daha çox lifli qidalar və taxıllarla qidalandığını göstərir. Araşdırmalara görə, Ötzi son yeməyində maral və keçi əti ilə yanaşı, buğda da istehlak edib.
Son xəbərlər
Son Xəbərlər