Ayağını itirən qazinin pensiyası ilə bağlı - Rəsmi açıqlama

ayagini-itiren-qazinin-pensiyasi-ile-bagli
Oxunma sayı: 5176

“Yoxlamasız, komissiyasız mənə III qrup əlillik verdilər, mən də imtina elədim. 6 aydır ki, təqaüdümü, pensiyamı kəsiblər, bir qəpik də pul almamışam”.

Bu iddia ilə “Qafqazinfo”ya Hacıqabul rayonundan olan Aprel döyüşləri qazisi Qarayev Rizvan Famil oğlu bildirib. Qazinin sözlərinə görə 2016-cı ilin Aprel döyüşləri zamanı bir ayağını itirib, bir ayağında isə qəlpələr qalmaqdadır.

Ona vəziyyətinə görə 5 il müddətinə II qrup əlillik təyin olunub. Lakin həmin müddət tamam olduqdan sonra əlillik təyinatının dərəcəsi dəyişdirilib: “Mənə 5 il müddətinə II qrup əlillik təyinatı aparılsa da, sonradan dəyişdirilərək III qrup elədilər. Sentyabrdan təqaüdümü, pensiyamı kəsiblər. Əvvəl 350 manat təqaüd alırdım, onu 300 manat ediblər. 606 manat pensiya alırdım, onu III qrupa görə 400 manat verəcəklər. 2 yaşlı oğlum var...

Komissiyasız qrup verilə bilərmi? Bu necə olur, bilmirəm. Bu ayağa III qrup düşürmü? Mən Kəşfiyyat bölüyündə qumbaraatan olmuşam. Tək özüm Aprel döyüşlərində bir düşmən tankını yararsız vəziyyətə salmışam”.

Qazi çətin vəziyyətdə olduğunu, ödənişinin kəsilməsi səbəbindən kredit borclarının də yığıldığını bildirir. 

 

Şikayətlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Məlum oldu ki, TSEK tərəfindən qazinin əlilliyi yanlış təyin edilib. 

Agentliyin mətbuat  katibi Tural Qurbanov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, Hacıqabul rayon sakini Qarayev Rizvan Famil oğlu 2016-ci ildə Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə olunarkən həmin dövrdə müvafiq ərazi TSEK tərəfindən onun əlilliyi müddətsiz (ömürlük) təyin edilməli olduğu halda, yanlış olaraq müddətli, yəni 5 il müddətinə təyin edilib:

“Bu günlərdə R.Qarayevin əlillik müddəti başa çatdığı nəzərə alınaraq ona müddətsiz (ömürlük) əlillik təyin edilib.  

Ötən il qanunvericiliyə edilmiş humanist dəyişikliyə əsasən, təkrar əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən 6 ay ötməmiş təyin edildikdə ötürülmüş müddət əlillik dövrü hesab edilərək həmin müddət üzrə də əlilliyə görə sosial ödənişlər verilir.  

R.Qarayevə də əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən rəsmiləşdirilib. Yəni, R.Qarayev müharibə əlili kimi ödənilən bütün sosial ödənişlərini həmin vaxtdan  (əvvəlki əlillik müddəti bitdiyi tarixdən) hesablanmaqla alacaq".

Qazinin ll qrup əlillik təyinatının niyə lll qrupa dəyişdirilməsini  isə T.Qurbanov belə izah edib:

“Əlillik dərəcəsinə gəldikdə isə, həm milli, həm də ümumən beynəlxalq əlillik meyarlarında sol baldırın aşağı 1/3-i səviyyəsində amputasiyası 3-cü dərəcə əlillik təyinatını nəzərdə tutur”.

Gülnar Əliyeva