9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Yenilənib

9-ildir-axtarilan-xeyale-oldurulubmus
Oxunma sayı: 7376

2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polis və Penitensiar Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib.

O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb.

Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

***

Baş Prokurorluq cinayətlə bağlı məlumat yayıb.

Bildirilib ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən, itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə  kompleks tədbirlər həyata keçirilir.

Tədbirlərin davamı olaraq, Cəlilabad Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.