“ABŞ bu hücuma cavab verməyə borcludur” - Tramp

abs-bu-hucuma-cavab-vermeye-borcludur
Oxunma sayı: 350

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Amerika hərbi helikopterinin İran tərəfindən vurulmasına mütləq cavab vermək məcburiyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Tramp qeyd edib ki, ötən gecə İran tərəfi Hörmüz boğazında patrul xidməti həyata keçirən ABŞ-yə məxsus yüksək texnologiyalı “AH-64 Apache” döyüş helikopterini vurub:

“Bizim cəsur silahlı qüvvələrimiz mənə indicə məlumat verdi ki, ötən gecə iranlılar Hörmüz boğazında patrul xidməti yerinə yetirən yüksək texnologiyalı “Apache” helikopterlərimizdən birini vurublar. Heyət üzvü olan iki pilotumuzun hər ikisi sağ-salamatdır. Buna baxmayaraq, Amerika Birləşmiş Ştatları bu hücuma cavab verməyə borcludur”.

Tramp həmçinin hərbçilərə göstərdikləri rəşadətə görə təşəkkürünü bildirib və bu insidentin cavabsız qala bilməyəcəyini xüsusi olaraq vurğulayıb.

Xatırladaq ki, cari ilin fevral ayından bəri ABŞ-İsrail koalisiyası ilə İran arasında bölgədə hərbi gərginlik yüksək həddə çatıb və qarşılıqlı zərbələr davam edir.