ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-yə məxsus “Apache” hücum helikopterinin vurulmasına cavab olaraq İrana qarşı hərbi əməliyyatlara başladığını bəyan edib.
“Qafqazinfo”nun məlumatına görə, CENTCOM-un sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə İran hədəflərinə qarşı “özünümüdafiə xarakterli” zərbələr endirilir.
Qeyd edilib ki, əməliyyatlar ABŞ Şərq vaxtı ilə saat 17:00-da başlayıb.
Hücumlar ABŞ hərbi helikopterinin vurulmasına cavab olaraq həyata keçirilir və Vaşinqton bunu İranın hərəkətlərinə “mütənasib cavab” kimi qiymətləndirir.
ABŞ Prezidenti Donald Tramp da məsələ ilə bağlı açıqlama verib. O, “ABC News”a müsahibəsində bildirib ki, ABŞ helikopterinin vurulmasına cavab verməyin vacib olduğunu düşünür.
“Onlar bizim helikopterlərimizdən birini vurdular və indi biz cavab veririk”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, həyata keçirilən əməliyyatlar sərt və güclü cavab xarakteri daşıyır.
“Axios”un məlumatına görə, ABŞ ordusu Hörmüz boğazı ətrafında yerləşən bəzi İran hava hücumundan müdafiə sistemləri və radar obyektlərinə zərbələr endirib.
Nəşrə danışan ABŞ rəsmiləri əməliyyatların, əsasən, İranın hava müdafiə infrastrukturuna yönəldiyini deyiblər. Hücumların miqyası və nəticələri barədə rəsmi məlumat verilməyib.
***
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)) İrana qarşı həyata keçirilən “özünümüdafiə xarakterli” hərbi əməliyyatların başa çatdığını açıqlayıb.
Bildirilir ki, əməliyyatlar ABŞ hərbi helikopterinə qarşı hücuma cavab olaraq, ABŞ Prezidenti Donald Trampın əmri ilə həyata keçirilib.
Zərbələr zamanı Hörmüz boğazı yaxınlığında yerləşən hava hücumundan müdafiə sistemləri, radarlar və yerüstü müşahidə infrastrukturu hədəf alınıb. Qurum bu addımı “ABŞ qüvvələrinə və beynəlxalq ticarət gəmilərinə qarşı son hücumlara mütənasib cavab” kimi qiymətləndirib.
Açıqlamada həmçinin ABŞ qüvvələrinin regionda “İranın təcavüzkar addımlarına qarşı ayıq-sayıq qalacağı” vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər