ABŞ İranın ən iri kriptovalyuta platformalarına qarşı yeni sanksiyalar elan edib. Sanksiyalar siyahısına ölkənin ən böyük rəqəmsal aktiv birjası hesab olunan “Nobitex” də daxil olmaqla, dörd kriptovalyuta birjası salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalar çərçivəsində qəbul edilib.
Məlumata görə, “Nobitex” ötən il İrana daxil olan bütün rəqəmsal aktiv əməliyyatlarının yarıdan çoxunu həyata keçirib. Vaşinqton şirkəti beynəlxalq sanksiyaların aşılmasına yardım göstərməkdə, həmçinin İranın İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli maliyyə əməliyyatlarını asanlaşdırmaqda ittiham edir.
ABŞ tərəfi iddia edir ki, “Nobitex” İran Mərkəzi Bankına yüz milyonlarla dollar dəyərində stabilkoinlərə çıxış imkanı yaradıb və bu vəsaitlər ölkə valyutası olan rialın dəyərsizləşməsinin qarşısını almaq məqsədilə istifadə olunub. Eyni zamanda, şirkətin internet məhdudiyyətlərinə baxmayaraq kapitalın ölkədən çıxarılmasına şərait yaratdığı da vurğulanıb.
Sanksiyalar çərçivəsində “Nobitex”in rəhbər şəxsləri də “qara siyahı”ya salınıb.
ABŞ-nin sanksiya siyahısına əlavə etdiyi digər kriptovalyuta birjaları isə “Wallex”, “Bitpin” və “Ramzinex”dir. Məlumata görə, “Wallex” ticarət dövriyyəsinə görə İranın ikinci ən böyük rəqəmsal aktiv platforması hesab olunur.
Vaşinqton bu şirkətlərin də İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli əməliyyatlarda iştirak etdiyini bildirir.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İran rəqəmsal aktiv texnologiyalarından beynəlxalq sanksiyaları aşmaq və ölkədən kapital çıxarmaq üçün istifadə edir. Onun sözlərinə görə, ABŞ həm ənənəvi bank sistemi, həm də kriptovalyuta bazarı üzərindən həyata keçirilən maliyyə əməliyyatlarını izləməyə davam edəcək.
Son xəbərlər
Son Xəbərlər