Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu portuqaliyalı müdafiəçi Joao Kanselonun transferində güzəştə gedərək onun birdəfəlik satışı üçün tələb etdiyi 15 milyon avroluq məbləğdən imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, danışıqlar futbolçunun agenti Jorje Mendeşin vasitəçiliyi ilə davam etdirilsə də, yeni transfer qiyməti hələlik dəqiqləşdirilməyib. Səudiyyə təmsilçisi Kanselonun ərəb klubuna qayıtmaq istəmədiyini yaxşı anlayır. Üstəlik, baş məşqçi Simone İnzagi ilə yaşanan gərgin münasibətlər fonunda onun komandadan ayrılması qaçılmaz hesab olunur.
Kataloniya klubu isə bu transferi asanlaşdırmaq üçün fərqli bir plan hazırlayıb. Belə ki, “Barselona” baş məşqçi Hans-Diter Flikin gələcək planlarına daxil olmayan yarımmüdafiəçi Mark Kasadonun transfer hüququnu “Əl-Hilal”a təklif etmək niyyətindədir.
Xatırladaq ki, başa çatan mövsümdə icarə əsasında “Barselona”nın şərəfini qoruyan Kanselo kataloniyalıların heyətində 23 oyuna çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
Son Xəbərlər