ABŞ-nin dövlət katibi Marko Rubio Kubanın ölkəsinin milli təhlükəsizliyi üçün birbaşa təhdid yaratdığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxış edən Rubio rəsmi Vaşinqtonun Kubaya münasibətini açıqlayıb:
“Onlar ABŞ üçün təhlükə mənbəyi olan uğursuz dövlətdir”.
Dövlət katibi Havananın təhlükə statusundan çıxması üçün ölkədə genişmiqyaslı sistemli islahatların aparılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, ABŞ rəsmisinin bu bəyanatı Kuba tərəfindən sərt reaksiya ilə qarşılanıb. Belə ki, Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya vurğulayıb ki, Havananın nüvə dövləti olan ABŞ-yə təhlükə törətməsi barədə iddialarda heç bir məntiq yoxdur:
“Kuba cəmi 10 milyon əhalisi və 100 min km² ərazisi olan kiçik bir adadır”.
Baş diplomat həmçinin Rubionu ABŞ cəmiyyətini mütəmadi olaraq çaşdıran “yalançı” adlandırıb və onu Kubaya qarşı tətbiq edilən enerji blokadası ilə hərbi təhdidlərin əsas ideoloqlarından biri kimi ittiham edib.
Xatırladaq ki, bundan əvvəl də dövlət katibi Marko Rubio Kubanı ABŞ-nin rəsmi düşmənləri ilə gizli əməkdaşlıq etməkdə təqsirləndirmişdi.
Son xəbərlər
Son Xəbərlər