ABŞ Prezidenti Donald Trampın administrasiyası Minnesota ştatının Minneapolis şəhərində qanunsuz miqrantlara qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatın başa çatdığını elan edib.
“Qafqazinfo” “NBC News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin sərhəd nəzarəti üzrə əlaqələndiricisi Tom Homan Minneapolisdə keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, yerli hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən “Operation Metro Surge” proqramı çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunub və miqrantların saxlanılması üzrə tədbirlər uğurla yekunlaşıb:
“Mən bu əməliyyatı dayandırmağı təklif etdim və prezident Tramp razılaşdı. Ərazidəki federal qüvvələrin əhəmiyyətli dərəcədə azaldılması prosesi artıq bu həftədən etibarən başlayacaq və növbəti həftə də davam edəcək. Çəkilmə prosesinə şəxsən nəzarət etmək üçün qısa müddət ərzində ştatda qalacağam”.
Xatırladaq ki, Tramp administrasiyası hakimiyyətə gəldiyi ilk günlərdən ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəni prioritet istiqamət kimi elan edib və bir sıra iri şəhərlərdə bənzər əməliyyatlara start verib.
Son xəbərlər
Son Xəbərlər