Seçki məğlubiyyətlərindən sonra Macarıstan və Serbiya siyasətinin iki mühüm siması Viktor Orban və Aleksandar Vuçiç Serbiyanın paytaxtı Belqradda bir araya gəliblər.
“Qafqazinfo”nun xəbərinə görə, görüşdə hər iki keçmiş lider siyasi arenaya geri dönəcəklərinə dair qətiyyətli mesajlar veriblər.
Aleksandar Vuçiçin atasının evində baş tutan görüşdə serb siyasətçi Orbanı “Böyük dostum və qardaşım” sözləri ilə qarşılayıb. Birlikdə çəkilən fotoları paylaşan Vuçiç uduzsalar da, mübarizədən geri çəkilmədiklərini vurğulayıb: “Seçkilərdə uduzduq, amma ləyaqətimizi, qürurumuzu və inamımızı itirməmişik. Tezliklə geri qayıdacağıq”.
Viktor Orban da öz növbəsində müttəfiqinə tam dəstəyini ifadə edib: “Dostlar həmişə dost olaraq qalırlar. Çətin anlarda daha sadiq dostlar qazanırsan. Aleksandar, əmin ola bilərsən ki, mən həmişə sənin yanındayam”.
Xatırladaq ki, Macarıstanın keçmiş Baş naziri Viktor Orban bu ilin 12 aprelində keçirilən ümumi seçkilərdə məğlub olub və 16 illik baş nazirlik dövrü başa çatıb.
Aleksandar Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvə isə 25 oktyabrda Serbiyada keçirilən erkən parlament seçkilərində gənclərin yaratdığı “Tələbə Siyahısı” hərəkatına uduzub. Seçki gecəsi məğlubiyyətini etiraf edən Vuçiç partiyasında köklü islahatlar aparacağını və təxminən iki il ərzində yenidən hakimiyyətə qayıtmağı hədəflədiklərini bəyan edib.
Son xəbərlər
Son Xəbərlər