Abşeronda antiterror tədbiri şəhidləri anıldı - Fotolar

abseronda-antiterror-tedbiri-sehidleri-anildi
Oxunma sayı: 1337

Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan 6 abşeronlu igidimizin - Arzullayev Murad Təvəkkül oğlunun, Manafov Qiyas Ramil oğlunun, Eyvazov Vüqar Eyvaz oğlunun, Rəhimov Ramil Sücəddin oğlunun, Balabəyli Elcan Vasif oğlunun və Hüseynov Səbuhi Məhbub oğlunun qırx mərasimi və Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələn İlyasov Fərid İbad oğlunun 3-cü ildönümü qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon içtimaiyyəti iştirak edib.

Mərasim iştirakçıları İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Ali Baş Komandan  İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik vətən həsrətinə son qoyulub: “Xalqımızın qalib gəldiyi 44 günlük müharibəsindən sonra Ermənistanın kapitulyasiya Aktına imza atmasına baxmayaraq ermənilərin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib. Bu əməliyyatlarla terrorçular məhv edilib, bəziləri isə Ermənistana qaçıb Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilib, xalqımız Ali Baş Komandan İlham Əliyevin Xankəndidə və Xocalıda bayrağımızı qaldırmasını iftixar və qürur hissi ilə izləyib”.

Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov çıxış edərək uğurlu antiterror əməliyyatının ordumuzun gücünü və istənilən hərbi əməliyyatı icra etmə qabiliyyətini bütün dünyaya göstərdiyini söyləyib.

Vətən Müharibəsi iştirakçısı, polkovnik Məhərrəm Həmidov ermənilərin həm 44 günlük Vətən müharibəsinə qədər, həm də müharibədən sonra həyata keçirdikləri terror fəaliyyətlərindən ətraflı danışaraq şanlı ordumuzun uğurlu antiterror tədbirləri nəticəsində düşmənin təxribatlarının tamamilə qarşısının alındığını və vətənimizin ərazi bütövlüyünün tam şəkildə təmin edildiyini qeyd edib.

Şəhidlərimizin xatirəsinə ehsan süfrələri açılıb, onların ruhlarına dualar oxunub.