Adını belə qoyun: - "Qurbanlıq prezidentlər"

adini-bele-qoyun
Oxunma sayı: 2957


“Qafqazinfo”nun məlumtına görə, sayt yazır ki, bu dəfə xəyali yol güllələrin səsi eşidilən Qarabağdan keçir. Təqdim olunan şəklə baxanda xəyalən də olsa güllənin səsi eşidilir. Torpaq uğrunda amansız mübarizə gedir. Xalq həm xarici,  həm də daxili düşmənlərlə əlbəyaxadır. 1992-1993-cü illəri məhz bu cür xarakterizə etmək olar. “Təqdim etdiyimiz foto həm qanlı Qarabağ, həm də ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyə aiddir” yazan sayt qeyd edir:

1993-cü ilin aprel ayı... Əsas strateji rayonların bir neçəsi işğal olunub, bir neçəsi də sonradan işğal olunacaq. Prezident Əbülfəz Elçibəy ölkəyə rəhbərlik etdiyi dönəmdə  ilk dəfə olaraq hərbi formanı geyib, təmas nöqtələrinə yollanır. Bu, təbii ki, ordunu mənəvi cəhətdən ruhlandırmaq üçün atılan addım idi. 

O zaman prezidentin mətbuat katibi olan jurnalist Arif Əliyev həmin gərgin tarixi bu cür xatırlayır. Arif Əliyevin Modern.az-a danışdığı xatirələrdə Elçibəy dövründəki cəbhənin vəziyyəti yada salınır:

- Elçibəyin həyat yolu barədə biliklərim kifayət qədər deyil. Mən doqquz ay bir yerdə işlədiyim və yalnız bunun son üç ayında yaxın ünsiyyətdə olduğum bu insan - Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy barədə bloknotumda saxladığım bəzi qeydlərimi bölüşmək istəyirəm. Bu qeydlərin bir qisminin hətta Elçibəyi yaxından tanıdığını güman edən dostları üçün də yeni olacağını düşünürəm.

Axşam mən onun iqamətgahdakı otağına daxil olanda, prezident tək idi. Çox yorğun görünürdü. Ayın 10-da Ermənistan ordusu Zəngilan üzərinə hücuma keçərək, bir neçə kəndi zəbt etmişdi. Həmin andan fasiləsiz davam edən hərbi tədbirlər, müşavirələr, görüşlər, telefon danışıqları, bəyanatlar, hələ ki, nəticə vermirdi.

Əbülfəz bəyə iki ameriakalı jurnalistin saat 8-ə təyin olunmuş görüşünü başqa günə keçirməyi təklif edirəm. «Lazım deyil, gəlsinlər» dedi.

Jurnalistlər «Nyu-York Tayms»dandırlar. Hər ikisi qışın bu vaxtında, görünür, hansısa cənub dənizinin sahilində günün altında möhkəmcə yanıblar. Dərilərinin sağlam rəngi adamda həsəd oyadır. 1992-ci ilin sonlarında Bakıya axışan bütün əcnəbi jurnalistlər kimi, onları iki mövzu maraqlandırır: müharibə və neft. Elçibəyə axırıncı sualları da ənənəvi olur:

«Cənab prezident, bəlkə özünüzün amerikalılara çatdırmaq istədiyiniz sözünüz var?»

«Amerikalıları maraqlandıran sualları verdiniz. Mənim sizə sözüm var. Bizim jurnalistlərin səyahət imkanları çox məhduddur. Sizin, görürəm, maşallah, belə  probleminiz yoxdur. Bir seriya materiallar hazırlayın. Mənim, Yeltsinin, Petrosyanın, Snequrun, Akayevin, Şevardnadzenin haqqında oçerklər yazın. Seriyanın adını da belə qoyun: “Qurbanlıq prezidentlər””.

Arif Əliyevin bloknotunda qeyd etdiyi xatirələr birbaşa bu foto ilə əlaqəli olmasa da, həmin fotonun da tərkib hissəsi olan cəbhə tarixindən bir nişanədir.  Prezidentin cəbhəyə səfərindən sonra (yəni bu fotonun çəkilmə zamanından)  orduda mənəvi yüksəliş qismən də olsa, qaydasına düşür. A.Əliyev də elə o zaman bloknotunda qeyd etdiyini ilk dəfə olaraq Modern.az-a danışır:

may, 1993 (bloknotda gün qeyd olunmayıb)

- Prezident çox ümidli və fəaldır. Azərbaycanın və Ermənistanın müdafiə nazirlikləri,  Dağlıq Qarabağ hərbi qüvvələrinin rəhbərliyi vasitəçilərin köməyi ilə razılığa gəliblər: mayın 17-də atəşkəs elan olunur. 24–də qoşunlar müvafiq məsafəyə geri çəkilir, buraya 1800 zirehli texnika da daxildir. Arada 5-10 km-lik (cəbhə xəttinin relyefindən asılı olaraq) silahsızlaşdırılmış zona yaradılır. İdarə məntəqəsi kimi Ağdam seçilir. Amma Elçibəy tez-tez təkrar edir: “Bircə rus imkan versəydi...”.

Doğrudan da imkan vermədi... Tezliklə Rusiyadan dəstəklənən qiyamçı Surət Hüseynov Elçibəy hakimiyyətinin devrilməsinə, işğal bölgələrinin miqyasının böyüməsinə nail olur...