AFFA Mahirin millidəki bir gününü paylaşdı - Video

affa-mahirin-millideki-bir-gununu-paylasdi
Oxunma sayı: 335

AFFA milli komandanın və Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Mahir Emreli ilə bağlı vloq hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, milli komandanın toplanışında yer alan forvardın düşərgədəki bir günü haqqında çəkilmiş videoçarx AFFA-nın rəsmi “YouTube” kanalında paylaşılıb.

Xatırladaq ki, Mahir Emreli 2025-ci ilin yayında II Bundesliqa təmsilçisi “Kayzerslautern”lə 3 illik rəsmi müqavilə imzalayıb. Azərbaycanlı forvard artıq geridə qalmış mövsümdə zədə və oyun praktikasının azlığından əziyyət çəksə də, komandasının heyətində ümumilikdə 13 rəsmi oyuna çıxıb və 2 qola imza atıb.

İstedadlı hücumçu “Kayzerslautern”ə keçməzdən əvvəl Almaniyanın digər tanınmış klubu – əfsanəvi Miroslav Klozenin baş məşqçilik etdiyi “Nürnberq”də də forma geyinib. O, sözügedən komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

“Bakı” futbol klubunun yetirməsi olan 28 yaşlı hücumçu zəngin karyerası ərzində ölkəmizdə “Qarabağ”, eləcə də legioner həyatı yaşayaraq “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) kimi klubların da şərəfini qoruyub. Təcrübəli hücumçu Azərbaycan milli komandasının heyətində rəsmi və yoldaşlıq oyunları daxil olmaqla ümumilikdə 60 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.