Xəbər verdiyimiz kimi, Bakıda separatçıların məhkəməsində Azərbaycana qarşı aparılmış təcavüzkar müharibənin gedişində törədilmiş bir sıra konkret cinayət faktları sadalanıb.
“Qafqazinfo”nun məlumatına görə, dövlət ittihamçıları təqsirləndirilən şəxslərin həmin cinayətlərdə iştirakına dair ittiham aktının nəticəvi hissəsini elan ediblər.
Qeyd olunan cinayət faktları arasında Milli Qəhrəman Çingiz Mustafayevin və 8 il öncə Füzulidə nənəsi ilə birlikdə qətlə yetirilən yaşyarımlıq Quliyeva Zəhranın da qəsdən öldürülməsi yer alıb.
Faktlar sadalanarkən qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi çoxsaylı cinayətləri videolentə alaraq dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndinə ezam olunmuş Azərbaycan Dövlət Televiziyasının “215 KL” studiyasının rəhbəri, jurnalist Mustafayev Çingiz Fuad oğlu həmin gün saat 11:00 radələrində çəkiliş apararkən yaxınlığına düşüb partlamış minaatan mərmisinin qəlpələrinin bədəninin müxtəlif nahiyələrinə dəyməsi nəticəsində qəsdən öldürülüb.
2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və mülki əhaliyə zirehli texnikalardan atəş açılıb, “OQ-9M” markalı 73 millimetr çaplı, qəlpəli qumbaranın Alxanlı kəndinin ərazisinə düşərək partlaması nəticəsində kəndin dinc sakinləri Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü azyaşlı Quliyeva Zəhra Elnur qızı müxtəlif bədən xəsarətləri alaraq qəsdən öldürülüb.
Göründüyü kimi, üzərindən illər keçsə də, Azərbaycan dövləti heç nəyi unutmur və təqsirləndirilən şəxslərin qanun qarşısında cavab verməsini təmin edir.