“Anamla eyni gündə ölməyimiz üçün dua edirəm” - Hilal Baydarov

anamla-eyni-gunde-olmeyimiz-ucun-dua-edirem
Oxunma sayı: 5888

Bir neçə gün bundan əvvəl rejissorluq etdiyi “In between dying” filmi (“Səpələnmiş ölümlər arasında”) Venesiya Film Festivalına qatılan ilk azərbaycanlı rejissor Hilal Baydarov “Nastoyaşee vremya” proqramına qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, o, sənədli film rejissoru olmağına baxmayaraq, bədii kinoda özünü sınamaq qərarından danışıb: “Əslində özümü heç vaxt sənədli film rejissoru hesab etməmişəm. Və özümü bədii filmlərin rejissoru da hesab etmirəm. Özümü heç rejissor və ya kinematoqrafist saymıram. Sadəcə kamera ilə oynamağı sevirəm, filmlər çəkirəm.

Heç vaxt yaxşı bir film və ya bədii film çəkmək məqsədim olmayıb. Həmişə kinonun hələ icad olunmadığını fərz edirəm və həyatı daha yaxşı hiss etmək üçün sadəcə kamera ilə işləyirəm. Bildiyim hər şey budur. Bütün bu sözlər - “sənədli”, “bədii”, “drama”, “triller” və s. insanların uydurduqları bir şeydir. Mən heç vaxt onlara inanmamışam. Kino kateqoriyalara bölünə bilməz, çünki söhbət insan təbiətindən, həyatından gedir. Həyatı heç vaxt kateqoriyaya sala bilməzsən. Əgər çalışsanız, bilin ki, bu, sizdə alınmayacaq”.

Rejissor “Çəkiliş zamanı ən böyük çətinliklərin nə idi? Azərbaycanda müstəqil filmlər çəkmək nə qədər çətindir?” sualına belə cavab verib: “Bütün filmlərimiz aşağı büdcəlidir və mən buna öyrəşmişəm. Çətinliklər çoxdur, amma xoşuma gəlir, çətinlikləri sevirəm. Yaxşı şəraitdə çəkə bilmirəm. Hətta bəzən düşünürəm ki, pulumuz olsa, onunla nə edəcəyik? Bunu dostlarımla müzakirə etdim və məhz əzabın bizi gözəlliyə apardığına qərar verdik. Yaxşı imkanlar istəmirəm. Heç vaxt!”

Bundan əlavə, H. Baydarov öz ekran işinin Venesiya Film Festivalının əsas yarışması üçün seçildiyini öyrəndiyi zaman yaşadığı hisslərdən danışıb: “Səhər saat 3:30 idi. Anamı oyatdım və xəbəri ona dedim. Məni qucaqladı və çox ağladı. Dərhal qırmızı xalçada nə geyinəcəyimizi düşündüm. Dostlarımın heç birində belə paltar yox idi”.

“Siz kinematoqrafiyanı Bela Tarrdan öyrənmisiniz, kino tənqidçiləri əvvəlki filmlərinizi Andrey Tarkovski ilə müqayisə edir. Hansı rejissorlar sizə daha çox təsir edib? Və hansı filmlər?” sualına Hilal Baydarov maraqlı şərh verib:

“Birinə kinematoqrafiya öyrədə biləcəyinizi düşünmürəm. Bir şey tapmaq üçün beynində, ürəyində axtarış aparmalısan. Sarayevoda “film.factory”dakı təhsilimi yaxşı xatırlamıram. Mən yalnız Mostar şəhərini xatırlayıram. Çörək pulu qazanmaq üçün bir şahmat turnirinə getmək məcburiyyətində qaldım.

Andrey Tarkovski kino tarixinin ən böyük adamıdır. Mənim üçün o, tarixdə əbədi qalacaq 20-ci əsrin böyük sənətkarıdır. Və “Stalker” ən yaxşı filmdir. Rəsmlərində yalnız obrazlar deyil, sözlər də çox güclüdür. İndi ədəbiyyatı kinodan da çox sevirəm, amma “Stalker”dən əvvəl sözlərin belə bir gücə sahib olduğunu heç düşünməmişdim. Tarkovski olmasaydı, kino mənim üçün sənət olmazdı və heç kim məni bunun əksinə inandırmazdı, heç kim. Berqmanın “İbadət edənlər”, Bressonun “Cibgir”, Sokurovun “Daş”, Kiarostaminin “İri plan” əsərləri də təbii ki, yaddaşımda əbədi qalıb”.

Rejissor “Səpələnmiş ölümlər arasında” filmi və əvvəlki əsərlərində tez-tez ana-oğul arasındakı münasibətlərə toxunmasına da aydınlıq gətirib: “Bütün filmlərim ana və oğul haqqındadır, doğrudur. Anam mənim ən yaxşı dostumdur və hər şeyi ona borcluyam. Özümü onsuz təsəvvür edə bilmirəm. Eyni gündə ölməyimiz üçün dua edirəm. Onsuz mən film çəkmək istəmirəm”.

O, “Səpələnmiş ölümlər arasında” filmində çılpaq qadınla bağlı verilən sualı da cavablandırıb: “Həmişə istədiyimizi çəkmişik. Və düşünürəm ki, cəsarət mədəni ənənələrə zidd olmaq və ya bir çox siyasi bəyanatlarla film çəkmək deyil. Söhbət insan təbiətinə, həyatımızın qeyri-müəyyənlik və ümidsizliklə dolu qaranlıq, gizli künclərinə dərindən nüfuz etməkdən gedir.

Siyasət haqqında 1000 səhifə yazmaq və ya çox siyasi bəyanatların olduğu 1000 saatlıq film çəkmək çox asandır, ancaq kim olduğunuz barədə cəmi bir cümlə qurmaq, demək olar ki, mümkünsüzdür. Həqiqətən qeyri-mümkündür. Qaranlıq otaqlarda səssizcə filmlərə baxmaq istəyən əsl rejissorlar məni asanlıqla başa düşəcəklər”.