Argentina millisi dünya çempionatının yarımfinalında İngiltərə üzərində qazandığı 2:1 hesablı qələbədən sonra meydanda “Las Malvinas son Argentinas” (“Malvin adaları Argentinadır”) yazılmış pankart açıb.
“Qafqazinfo” xəbər verir ki, pankart 1982-ci ildə Argentina və Böyük Britaniya arasında Folklend (Argentinada Malvin adaları adlandırılır) uğrunda baş vermiş 74 günlük müharibəyə işarə edir. Münaqişə zamanı 900-dən çox insan həlak olub.
Matçdan sonra müdafiəçi Lisandro Martines və yarımmüdafiəçi Covani Lo Selso pankartı tribunaya doğru qaldıraraq, azarkeşləri salamlayıblar. Pankartın futbolçuların əlinə necə keçdiyi isə məlum deyil.
Bundan əvvəl İsveçrə üzərində qələbədən sonra bəzi Argentina futbolçularının “Malvinlər üçün, Dieqo üçün və Leonun son mundialı üçün” şüarları səsləndirdiyi bildirilmişdi.
Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul isə mövzu ilə bağlı açıqlamasında futbolun sərhədləri aşdığını qeyd edib: “Biz Dieqo Maradonanın xatirəsini yaşadırıq və Malvin qəhrəmanlarını unutmuruq. Lakin başa düşürük ki, bu, futbol matçıdır və Malvin məsələsi başqa müstəvidə müzakirə olunmalıdır”.
Qeyd edək ki, FİFA-nın qaydalarına əsasən, stadionlarda siyasi, təhqiredici və ya ayrı-seçkilik xarakterli pankart və simvollardan istifadə qadağandır. Hələlik qurum məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Əlavə edək ki, Atlantada keçirilən qarşılaşmada argentinalılar oyunun bitməsinə beş dəqiqə qalmış 0:1 hesabı ilə geridə olsalar da, ardıcıl iki qol vuraraq, DÇ-nin finalına yüksəlməyi bacarıblar. Komanda həlledici oyunda İspaniya ilə qarşılaşacaq.







Son xəbərlər
Son Xəbərlər