ABŞ və İran rəsmiləri Pakistanın paytaxtı İslamabadda atəşkəs danışıqları aparmağa hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb.
Bildirilib ki, bu görüşlər 1979-cu il İslam inqilabından bəri iki ölkə arasında ən yüksək səviyyəli təmaslardan biridir.
Məlumata görə, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens danışıqlar ərəfəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib.
İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi daxildir.
Pakistan rəsmiləri bildirir ki, ölkə Yaxın Şərqdə artıq altı həftədir davam edən müharibənin dayandırılması üçün ABŞ və İran arasında birbaşa danışıqlara vasitəçilik etməyə çalışır.
***
28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibədə 8 apreldə əldə edilən müvəqqəti atəşkəsdən sonra Tehran və Vaşinqton Pakistanda daimi atəşkəs üçün danışıqlara başlayıblar.
Pakistan mənbələri bildiriblər ki, ABŞ və İran arasında danışıqlar Pakistan vasitəçiləri vasitəsilə başlayıb.
Mənbələr qeyd ediblər ki, tərəflər Pakistan rəsmiləri ilə birbaşa danışıqlardan əvvəl “məsələləri həll etmək” üçün İslamabaddakı bir hoteldə Pakistan nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüblər.
Bir mənbə bildirib ki, “İki nümayəndə heyətinin nə vaxt üz-üzə görüşəcəyini hazırda deyə bilmərəm. Onlar hazırda Pakistan rəsmiləri ilə görüşürlər”.
İslamabad danışıqlarına İran tərəfindən Parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.
Danışıqlarda xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının baş katibi Əli Əkbər Əhmədiyan və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati də daxil olmaqla, böyük bir İran nümayəndə heyəti iştirak edir.
ABŞ tərəfinə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edir. ABŞ nümayəndə heyətinə həmçinin Prezident Donald Trampın kürəkəni Cared Kuşner və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff daxildir.
Vasitəçi kimi çıxış edən Pakistanı Baş nazir Şahbaz Şərif, Xarici İşlər naziri İshaq Dar və Ordu Qərargah rəisi, general Asim Munir təmsil edir.
Danışıqlardan əvvəl həm İran, həm də Amerika nümayəndə heyətləri Pakistanın Baş naziri Şəriflə ayrı-ayrı görüşlər keçiriblər.
Son xəbərlər
Son Xəbərlər