Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan “Avant Group” Direktorlar Şurasının sədri Əli Hüseynov Bakının ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığından gələn nümayəndə heyəti ilə ikitərəfli görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, Omanın Mənzil və Şəhərsalma naziri Xalfan bin Səid bin Mübarək əl-Şueili və Əli Hüseynov yeni şəhərsalma konsepsiyaları və investisiya imkanlarını müzakirə ediblər.
Qlobal şəhərsalma platforması çərçivəsində baş tutan bu rəsmi görüşdə tərəflər müasir tikinti, dayanıqlı şəhərsalma və infrastruktur layihələri ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşün əsas strateji mövzusu isə Azərbaycanın tikinti sektorunda mühüm layihələrə imza atmış “Avant Group” şirkətinin Oman Sultanlığındakı geniş investisiya imkanları və bu ölkənin tikinti bazarına daxil olması perspektivləri olub.
Oman nümayəndə heyətinə rəhbərlik edən Mənzil və Şəhərsalma naziri Xalfan bin Səid bin Mübarək əl-Şueili Bakıda təşkil olunan forumun əhəmiyyətini yüksək qiymətləndirərək, Omanın müasir tikinti və şəhərsalma layihələrindən bəhs edib. Nazir rəhbərlik etdiyi qurumun xarici investorlar və təcrübəli tikinti şirkətləri üçün yaradılmış əlverişli imkanları diqqətə çatdırıb, Azərbaycanın tikinti potensialına, xüsusilə də “Avant Group”un bu sahədəki fəaliyyətinə böyük maraq göstərdiklərini vurğulayıb.
“Avant Group”un rəhbərliyi qonaqlara şirkətin Azərbaycanda həyata keçirdiyi müasir tikinti, memarlıq və infrastruktur layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şirkətin tikinti sahəsindəki zəngin təcrübəsi və mühəndislik potensialı Omanın yeni şəhərsalma hədəflərinə və investisiya layihələrinə mühüm töhfə verə bilər.
Görüşün sonunda tərəflər Oman Sultanlığındakı konkret tikinti və investisiya layihələrinin daha dərindən araşdırılması və gələcək əməkdaşlığın praktiki mərhələyə keçməsi üçün işçi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.


Son xəbərlər
Son Xəbərlər