Ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilkin görüşləri də sürprsiz olmadı.
“Qafqazinfo” xəbər verir ki, Norveçin “Buydo Qlimt” klubu doğma meydanda İtaliya “İnter”inə 3:1 hesabı ilə qalib gəldi.
Budyo şəhərinin təmsilçisi qitənin ən nüfuzlu klub turnirində cavab matçı öncəsi yaxşı üstünlük əldə edib. Düzdür, “İnter” üçün 2 top geriliyi aradan qaldırmaq o qədər də çətin görünmür, lakin norveçlilərin nəticələri göz oxşayır.
“Budyo Qlimt” “Qarabağ” kimi Çempionlar Liqasının təsnifat mərhələlərindən keçib qrupa düşmüşdü. İstənilən halda onların bu uğuru gözlənilən idi. Skandinaviyalılar avrokuboklarda ardıcıl uğurlardan sonra ötən mövsüm Avropa Liqasının yarımfinalına qədər gələ bilmişdilər. 2024/2025 mövsümündə gözlənilmədən onlar son 4 komanda arasına qala bildilər. Bu yolda isə buydolular “Tvente”, “Olimpiakos”, “Latsio” səddini keçməyi bacardılar. Ketil Knutsenin komandasını isə yarımfinalda İngiltərə Premyer Liqa təmsilçisi “Tottenhem” dayandırdı.
.jpg)
Ard-arda gələn uğurların isə qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə vəsiqə qazanmaqla davam etdi. “Budyo Qlimt”in sürprizləri isə məhz burada başladı.
Çempionlar Liqasının əsas mərhələsində son 3 tura qədər onlar cəmi 3 heç-heçə edə bilmişdi. 5 oyundan sonra hər kəs Knutsenin komandası üçün hər şeyin bitdiyini düşünürdü. Heç kəs onların sürprizlərə imza atacağını xəyal belə etmirdi. “Budyo Qlimt” ÇL-in Liqa mərhələsinin 6-cı turunda rəngdaşı Dortmund “Borussiya”sı ilə üz-üzə gəldi. Rəqibi ilə 2:2-lik bərabərliyə razılaşan norveçlilər xallarını 4-ə çatdıra bildi. Qarşıda isə iki ağır matç – “Mançester Siti” ilə evdə və “Atletiko” ilə səfərdə ağır oyunlar qalırdı.
Yola davam etmək üçün bu matçların hər ikisində qələbə vacib idi. İngiltərənin son illərdə ən uğurlu komandası ilə evdəki matça budyolular fırtına kimi başladılar. 3 ardıcıl qol Pep Qvardiolanın komandasını şoka salmışdı. Mançesterlilər bu qollardan yalnız birinin əvəzini çıxa bildilər. Knutsenin yetirmələri isə 3 xalı aktivlərinə yazdırdılar.

Növbəti hədəf isə çətin Madrid səfərindən 3 xalla qayıtmaq idi. Qarşılaşma istənilən kimi başlamadı. “Atletiko” 15-ci dəqiqədə hesabı açdı. Lakin “Budyo Qlimt” həvəsdən düşmədi. 34 və 59-cu dəqiqədə vurduqları iki qollar İspaniyada 3 xalı aktivlərinə əlavə edib tarix yazdılar. Turnir cədvəlində “Qarabağ”dan 1 pillə geridə - 23-cü yerdə bitirdi. Ötən gecə isə “İnter”i məğlub edib səfər matçı öncəsi böyük üstünlük qazandılar.
.jpg)
“Budyo Qlimt”in uğurları necə başlayıb?
“Buydo Qlimt” 2017-ci ildə Norveç birinci liqasında çempion olur. Eliteserienə vəsiqə qazanan komanda baş məşqçisini dəyişir. Birinci liqada köməkçi məşqçi olan Ketil Knutsen baş məşqçi vəzifəsinə gətirilir. Komanda çıxdığı ilk ildə çempionatı 11-ci pillədə tamamlayır. 2019-cu ildə turnir cədvəlini ikinci yerdə bitirir və avrokuboklara vəsiqə əldə edir. Avrokuboklarda isə iki mərhələ keçdikdən sonra “Milan”a məğlub olur. 2020-ci ildə Norveç liqasının çempionu adını qazanır. 2020/21-ci illər mövsümündə Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə edir və qrupu ikinci bitirir. Bununla da komandanın uğurlu avrokubok oyunları başlayır.

Baş məşqçi Ketil Knutsenin əməyi xüsusi vurğulansa da, arxa planda olan qəhrəman Byörn Mannsverkin əməyi də qabardılır. O, komandanın mental məşqçisidir.
B.Mannsver 20 il Norveç Hərbi Hava Qüvvələrində pilot kimi işləyib.
Futboldakı yenilikləri yaxından izləyən “sarı qaralar”ın texniki heyəti 2017-ci ildə Byörn Mannsverki mental məşqçi kimi komandaya cəlb edir.
Norveçin Əfqanıstan və Liviyada keçirdiyi əməliyyatlarda aktiv rol alan Mannsverk 2010-cu ildə pilotlar üçün təşkil olunan mental hazırlıq proqramına qatılıb. Zehni məşqlərə burada yaxından maraq göstərən norveçli pilot daha sonra bu proqramda öyrəndiklərinin üzərinə əlavə edərək özünü bu sahədə inkişaf etdirib və 2017-ci ildə budyolulara faydalı ola biləcəyi düşünülərək zehni məşqçi vəzifəsinə gətirilib.
.jpg)
Norveçin ilk, dünyanın isə sayılı zehni məşqçilərindən biri olan Mannsverk futbolçulara ehtiyac duyduqları anda meditasiya dərsləri verir və bu sahədə fərq yaratmağa çalışır. Onun bu istiqamətdə ciddi təsir göstərdiyi müşahidə olunur və “Budyo Qlimt”in uğurunda mühüm rol oynadığı bildirilir. Mannsverk verdiyi müsahibədə bunu konkret bir nümunə ilə belə izah edir:
“Komandamızın eks kapitanı Ulrik Saltnes çətin bir dövrdən keçirdi. Mental baxımdan tamamilə çökmüşdü və gənc yaşına baxmayaraq futbolu buraxmağı düşünürdü. Onunla xüsusi şəkildə məşğul olduq və ilk görüşümüzdən etibarən o, möhtəşəm bir dəyişiklik yaşadı. Hazırda ondan çox razıyıq”.
Mannsverk-in tətbiq etdiyi bu metodlar Avropa klublarının da diqqətini çəkir və yaxın gələcəkdə bir çox klublarda zehni məşqçilərin fəaliyyət göstərməsinə artıq demək olar ki, qəti gözlə baxılır.
.jpg)
Maraqlıdır ki, norveçlilərin heyətində cəmi 6 legioner var. Onlardan 4-ü danimarkalı, biri nigeriyalı, digəri isə rusiyalıdır. Komandanın özəyini is yerli oyunçular təşkil edir.
“Budyo Qlimt” həm uğurları, həm də etdikləri ilə bir çox klublara nümunə olmağa davam edir.
Elsevər Məmmədov