Gəncənin nümayəndə heyəti tərəfindən Çindao şəhərində ağac əkilib

gencenin-numayende-heyeti-terefinden-cindao-seherinde-agac-ekilib
Oxunma sayı: 442

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasının Çindao şəhərinə səfəri davam edir.

Səfər çərçivəsində nümayəndə heyəti aprelin 21-də şəhərin Fuşan parkında yerləşən beynəlxalq dostluq xiyabanında olub. Burada Gəncə şəhəri adından ağac əkilib.

Parkın inzibati heyəti ilə görüşdə Çindao şəhərində yaşıllaşdırma və meşə təsərrüfatı sahəsində görülən işlər, əldə olunan uğurlar barədə məlumat verilib. Həmçinin qeyd edilib ki, bu xiyabanda əsasən Çindao ilə qardaşlaşmış və əməkdaşlıq edən şəhərlərin adından simvolik olaraq ağaclar əkilir. Bu addım şəhərlərarası dostluq münasibətlərinin möhkəmləndirilməsi və ekoloji təşəbbüslərin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Niyazi Bayramov öz növbəsində bildirib ki, Gəncə şəhəri geniş yaşıllıq zolaqlarına, müasir park və istirahət məkanlarına malikdir. O qeyd edib ki, şəhərdə təxminən 450 hektar ərazini əhatə edən Heydər Əliyev Park-Xiyaban Kompleksi, eləcə də Ekoloji Park Kompleksi, Xan Bağı və digər iri istirahət və mədəni məkanlar mövcuddur. Bu ərazilər həm sakinlərin asudə vaxtının səmərəli təşkili, həm də şəhərin ekoloji mühitinin yaxşılaşdırılması baxımından mühüm rol oynayır.

Eyni zamanda vurğulanıb ki, Gəncədə aparılan yaşıllaşdırma və abadlıq işləri şəhərin ümumi simasını daha da gözəlləşdirir və turizm potensialının artırılmasına ciddi töhfə verir.

Xatırladaq ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları daxildir.