“Avropa Şurasında “Novruz bayramı” ilə bağlı tədbir təşkil edilib” - Təmraz Tağıyev

avropa-surasinda-novruz-bayrami-ile-bagli-tedbir-teskil-edilib
Oxunma sayı: 1257

“Avropa Şurası Konqresinin 44-cü Sessiyası ərəfəsində Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "Novruz bayramı" tədbiri keçirilib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri nümayəndə heyyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, tədbirdə sərgi-satış təşkil olunmuş, əldə olunan vəsait bu ilin fevralında Türkiyədəki zəlzələdən zərər çəkənlərə göndəriləcəkdir.

Avropa Şurası Konqresindəki milli nümayəndə heyətləri və qurumda çox sayda diplomatik missiyanın qatıldığı tədbirdə ölkəmizin mədəniyyətini tərənnüm edən çıxışlar edilib.

Azərbaycanın muğam ustaları və rəsq heyəti tədbirə xüsusi rəng qatdılar. Avropa Şurası Konqresinin prezidenti Verbek Novruz tədbirinə qatılıb.

Xatırladaq ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburq şəhərində keçiriləcək 44-cü sessiyasının işində Azərbaycan nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Anar İbrahimovun rəhbərliyi ilə iştirak edir.

Belə ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Mathieu Morinin rəsmi məktubu ilə Konqresdəki Azərbaycan nümayəndə heyəti qurumun 44-cü Sessiyasında iştirak üçün dəvət olunub.

Sessiya 21-23 mart 2023-cü il tarixlərində Strasburq şəhərində keçirilir.

Tədbir Azərbaycan sənət adamlarının konserti ilə başa çatıb.