“Avtodetal”da ixtisarlar olub, işçilər maaşların verilməməsindən şikayətçidir - Yenilənib

avtodetalda-ixtisarlar-olub-isciler-maaslarin-verilmemesinden-sikayetcidir
Oxunma sayı: 2658

Avtomobil ehtiyat hissələrinin satışını təşkil edən mağazalar şəbəkəsindən biri olan “Avtodetal”ın Babək filialının işçiləri kütləvi şəkildə işdən çıxarılıb. Buna əsas ixtisarların olması göstərilib.

"Qafqazinfo" xəbər verir ki, şirkətin işçilərindən biri Nurlan Xanlarov avtosfer.az-a bildirib ki, bu ilin noyabr ayında qeyri-qanuni şəkildə işdən çıxarılıb: “Şirkətin icraçı direktoru Əkbər İmanov rəhbərliyin tapşırığı əsasında onları əvvəl məzuniyyət adı ilə işə gəlməməyi tapşırıb daha sonra isə heç bir səbəb olmadan işdən azad edib. İşdən çıxarılan işçilərin heç birinə əmək haqqları ödənilməyib. Daha sonra işçilərə dəfələrlə hədə qorxular gəlib, müxtəlif vəzifəli şəxslərin adlarını çəkməklə təhdidlər edib, işçilərə psixoloji zərbələr yaşadıb. Bu günə kimi işçilərin adı rəsmi olaraq ştat cədvəlində gedir, amma bu işçilərə nə maaş verilir nə də rəsmi olaraq ştat cədvəlindən çıxarılır. Belə olan təqdirdə də işçiləri əmək qanunvericiliyin tələbinə uyğun olaraq digər yerlərdə işə götürmürlər. Hazıda 9 işçi bu vəziyyətlə üz-üzə qalıb”.

Nurlan Xanlarov açıqlamasında bildirib ki, əmək hüquqlarının pozulması ilə bağlı müvafiq qurumlara rəsmi müraciət edib: “Lakin məsələ ilə bağlı hələ ki, rəsmi cavab verilməyib”.

“Avtodetal” mağazalar şəbəkəsindən “Qafqazinfo”ya bildirilib ki, Nurlan Xanlarov və digər bir neçə əməkdaş uzun müddət iş davamiyyətini pozub: “Biz onlarla 25 gündür ki, əlaqə saxlaya bilmirik və telefon zənglərinə cavab vermirlər. Əmək qanunvericiliyinə uyğun olaraq N.Xanlarovu və digərlərini iş intizamını kobud şəkildə pozmalarına görə işdən azad edə bilərik, bunun üçün kifayət qədər əsaslar var. Lakin biz noyabrın 30-dək məzuniyyətə göndərdiyimiz əməkdaşın gələcək karyerasını nəzərə alaraq onu öz ərizəsi əsasında işdən azad etmək istəyirik və bunun üçün gəlib ərizə yazması lazımdır”.