Aygün Bəylərin müalicəsi ölkə rəhbərliyinin diqqət mərkəzində olub

aygun-beylerin-mualicesi-olke-rehberliyinin-diqqet-merkezinde-olub
Oxunma sayı: 3217

Xəbər verdiyimiz kimi, Ankarada müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi hazırda Ankaradan təyyarə ilə ölkəmizə gətirilir.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Əməkdar artistin səhhəti ilə əladədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi.

Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş vermiş və müğənninin həyatını xilas etmək mümkün olmayıb.

Mədəniyyət Nazirliyi bir daha sənətkara Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyir.

Allah rəhmət eləsin!