Azad İsayev Türkiyədə başqa ad altında tutuldu - Foto

azad-isayev-turkiyede-basqa-ad-altinda-tutuldu
Oxunma sayı: 9019

Türkiyənin hüquq-mühafizə orqanlarının İstanbulda tutduğu və ilkin olaraq Albaniya pasportlu iş adamı Dionis Şaholli kimi təqdim edilən şəxslə bağlı maraqlı faktlar üzə çıxıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, tutulan “albaniyalı” biznesmenin əslində azərbaycanlı iş adamı Azad İsayev olması müəyyənləşib. Belə ki, onun Albaniyaya məxsus pasportla yanaşı, özünü Rusiya vətəndaşı Həmzət İsmayılov kimi də təqdim etdiyi məlum olub.

Bildirilib ki, beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən iş adamından polisə dələduzluq və hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı şikayətlər daxil olub.

Saxlanılan şəxs İstanbul Bakırköy və Küçükçekmece bölgə prokurorluğunda dindirilərkən Rusiya vətəndaşlığına malik olduğunu və bu ölkədən Həmzət İsmayılovun adına pasport aldığını təsdiqləyib.

2012-ci ildə Azərbaycanı tərk etdikdən sonra İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətə rəhbərlik edən A.İsayevin 2013-cü ildə İstanbulda qəzada ölməsi barədə məlumatlar yayılıb. Lakin sonradan onun qəzaya düşməsi xəbərləri təsdiqlənsə də, sağ qaldığı məlum olub. 

Onunla bağlı digər xəbərlər isə axtarışda olması ilə əlaqədardır. Belə ki, bir neçə il əvvəl onun barəsində Nərimanov Rayon Polis İdarəsinə edilən şikayət əsasında A.İsayevə qarşı dələduzluq ittihamı ilə cinayət işi açılıb. Bundan sonra həmin şəxs beynəlxalq axtarışa verilib.