Azərbaycan dilinin orfoepiya normaları təsdiq edildi

azerbaycan-dilinin-orfoepiya-normalari-tesdiq-edildi
Oxunma sayı: 1613

Azərbaycan dilinin orfoepiya normalarını təsdiq edən orqan kimi Nazirlər Kabineti müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasına “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsinin  hazırlanması tapşırılıb.

Azərbaycan Milli Elmlər Akade­mi­yasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərəfindən “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsi işlənilib hazırlanıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla, Nazirlər Kabinetinə təqdim edilib.

Həmin layihə Dövlət Dil Komissiyasının sədri ilə razılaşdırılıb və Nazirlər Kabinetinin Qərarı ilə qəbul edilib.

Orfoepiya düzgün tələffüz normaları sistemidir. Bu normalar müasir Azərbaycan ədəbi dilində işlənən müəyyən söz və şəkilçilərin, eləcə də, ixtisarların düzgün tələffüzü qaydalarının tətbiqi məqsədilə hazırlanıb.

Qeyd edək ki, orfoepiya normalarının tərtibində sözlərin və şəkilçilərin yalnız müasir Azərbaycan ədəbi dilindəki mövcud tələffüz qaydaları əsas götürülüb.

Müasir Azərbaycan ədəbi dilinin tələffüz qaydaları Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Əziz Əfəndizadə kimi bu sahə üzrə görkəmli dilçi alimlərin tədqiqatlarına uyğun şəkildə hazırlanıb. Bundan əlavə, orfoepiya normalarının layihəsinin ilkin variantına akademik Nizami Cəfərov, Dövlət Dil Komissiyasının üzvü professor Buludxan Xəlilov, Nəsir Əhmədli və digər mütəxəssislər tərəfindən kiçik qeydlərlə müsbət rəylər verilmiş və iradlar nəzərə alınıb.

Ümumiyyətlə, orfoepiya normaları layihə şəklində rəy üçün Təhsil Nazirliyinə, Terminologiya Komissiyasına, Mətbuat Şurasına, Ədliyyə Nazirliyinə təqdim edilib və müəyyən iradlarla müsbət rəylər alınıb.