Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.
“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüş zamanı Azərbaycan-Hindistan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub.
C.Bayramov iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət, suverenlik və dövlətlərin bərabər hüquqluğu prinsipləri əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Yüksəksəviyyəli təmasların, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikitərəfli dialoqun inkişafında mühüm rol oynadığı qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və Hindistanın Baş naziri Narendra Modi arasında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşünün iki ölkə arasında əməkdaşlıq əlaqələrinin irəlilədilməsi istiqamətində əhəmiyyəti vurğulanıb.
Görüşdə, iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi məsələləri müzakirə edilib.
Enerji, əczaçılıq, kənd təsərrüfatı, informasiya texnologiyaları, habelə digər qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsindəki strateji rolu və nəqliyyat-logistika potensialı, Azərbaycanda infrastrukturun yaratdığı imkanlar diqqətə çatdırılıb. Bununla yanaşı, birbaşa təyyarə reyslərinin qarşılıqlı turist səfərləri üçün yaratdığı imkanların əhəmiyyəti vurğulanıb.
Humanitar və mədəni əlaqələrin, turizmin, təhsil və elm sahələrində əməkdaşlığın inkişafının xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verdiyi qeyd olunub.
Görüşdə, həmçinin BMT, Qoşulmama Hərəkatı, AQEM, Şanxay Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Bununla yanaşı, Cənubi Qafqaz regionunda son inkişaflar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, etimad-quruculuğu tədbirləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi barədə qarşı tərəfə məlumat verilib.



Son xəbərlər
Son Xəbərlər