Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarəmiz vurulub

azerbaycan-qazaxistan-rusiya-ve-icao-nun-birge-reyi
Oxunma sayı: 1909

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisinin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində uğradığı qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında araşdırma davam edir.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.

ICAO tələblərinə uyğun olaraq, Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkarlanmış faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.

Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixinə mümkün olmayıb. Məhz buna görə Qazaxıstan ICAO-nun tələblərinə uyğun olaraq aralıq bəyanatı ictimaiyyətə təqdim edib.

Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb. Habelə hava gəmisinə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd edilib. Bununla belə həmin silah sisteminin modeli barəsində məlumat aralıq bəyanat mətnində qeyd edilməyib. Xatırladaq ki, həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında artıq qeyd olunub.

Qeyd edək ki, növbəti mərhələdə Qazaxıstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq bəyanat sənədindən fərqli olaraq yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırılması ilə bağlı aşkar olunmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir.

Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.