Dünya azərbaycanlıları Novruzu böyük coşqu ilə qeyd ediblər - Fotolar

dunya-azerbaycanlilari-novruzu-boyuk-cosqu-ile-qeyd-edibler
Oxunma sayı: 285

Hər il olduğu kimi, bu il də Novruz bayramı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları milli ruh və həmrəylik ətrafında bir araya gətirib. Minilliklərin sınağından uğurla çıxaraq günümüzə çatan bu müqəddəs bayram yalnız təbiətin oyanışını simvolizə etmir, həm də milli kimliyimizin, zəngin mədəni irsimizin və sarsılmaz birliyimizin təntənəsini özündə əks etdirir. Vətəndən uzaqda olsalar da, soydaşlarımız milli köklərinə sadiqliyini qoruyaraq Novruz vasitəsilə həm öz kimliklərini yaşadır, həm də Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıdır. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və onun tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbirlərlə milli kimliyimiz, adət-ənənələrimiz və dəyərlərimiz təbliğ edilib, Novruzun birləşdirici və sülhsevər mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılıb. 

ABŞ-nin Kaliforniya və Kolorado ştatları, Almaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, İsveç, Kanada, Qazaxıstan, Litva, Moldova, Niderland, Portuqaliya, Polşa, Serbiya, Şotlandiya, Türkiyə, Tatarıstan, Ukrayna və Yaponiya kimi ölkələrdə yaşayan azərbaycanlılar Novruzun ənənələrinə sadiqliyini nümayiş etdirərək silsilə tədbirlər keçiriblər. Bu tədbirlərdə həmin ölkələrdə yaşayan və təhsil alan soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin üzvləri, Azərbaycanla dostluq münasibətləri olan icmalar və xarici qonaqlar iştirak ediblər. 

Novruz tədbirlərinin təşkilində Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti (ACSNC), “Alberta" Azərbaycan Mədəniyyət Cəmiyyəti, Kvebek Azərbaycanlıları Assosiasiyası, “Azər-Türk Gənclər” Təşkilatı, “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”, “Azerbaijani Diaspora of Colorado” təşkilatı, “Birlik" İctimai Birliyi, “Ata Yurd - Nomad” Respublika İctimai Birliyi, “Azərbaycan Mədəniyyət Mərkəzi" İctimai Birliyi, Cambulda “Azəri” Etnomədəni Birliyi, “Qarabağ” Etnomədəni Birliyi, İsveç Azərbaycanlıları Koordinasiya Şurası, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti, Estoniya-Azərbaycan “Birlik” icması, “Azəris” Azərbaycan icması, Benilüks Azərbaycanlıları Koordinasiya Şurası, Niderland-Azərbaycan Türk Kültür Dərnəyi, Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresi, “Ocaq” Estoniya Azərbaycan icması, “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası, “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatı, Marneulidəki “Təhsil və İnteqrasiya Mərkəzi”, Moldova Azərbaycanlıları Konqresi, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”, Azərbaycan Türkiyə Tələbə Birliyi (ATTB), Tanabe Beynəlxalq Əlaqələr Mərkəzi, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Antalya Böyükşəhər Bələdiyyəsi, “Land of Fire” Cəmiyyəti, Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Dəstək” İctimai Birliyi və Ukrayna-Azərbaycan Mərkəzi kimi bir sıra diaspor təşkilatları fəallıq nümayiş etdirib. 

Şənliklərdə Novruzun fəlsəfəsi haqqında geniş məlumat verilib, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaşadan ən əziz və müqəddəs bayramlardan biri olduğu vurğulanıb. Qədim köklərə malik Novruz təkcə təbiətin oyanışı və baharın gəlişi deyil, həm də insanları bir araya gətirən, birlik, paylaşma, mərhəmət və yenilənmə kimi ali dəyərləri təbliğ edən ümumxalq bayramı kimi təqdim olunub. Həmçinin Novruza xas adət-ənənələr nümayiş etdirilib, bayram tonqalı ətrafında toplaşan iştirakçılar qədim inanclara uyğun olaraq alovun üzərindən tullanıb, keçmiş ilin çətinliklərini geridə qoyub, yeni ilin sağlamlıq, uğur və firavanlıq gətirməsini arzulayıblar. Eyni zamanda, zəngin mətbəximizin ləziz təamları ilə dolu Novruz xonçaları və xalqımızın qonaqpərvərlik ənənələri bir daha nümayiş etdirilib. 

Tədbirlərdə xalq musiqilərimizin səsləndirilməsi, Novruza aid milli rəqslərin nümayişi və səhnəciklərin göstərilməsi iştirakçılarda bayram əhval-ruhiyyəsini daha da artırıb. Uşaqlar və gənclər də qədim mədəniyyətimizi öyrənmək və gələcək nəsillərə çatdırmaq imkanı qazanıblar. 

Xatırladaq ki, xaricdə fəaliyyət göstərən Azərbaycan Evlərində, həftəsonu Azərbaycan məktəblərində, eləcə də Koordinasiya Şuralarının təşkilatçılığı ilə keçirilən Novruz şənlikləri milli irsimizin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, diaspor üzvləri arasında birliyin daha da möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.