“Rusiya ilə Qərb arasında soyuq müharibə məhz Ermənistanda aparılır”

rusiya-ile-qerb-arasinda-soyuq-muharibe-mehz-ermenistanda-aparilir
Oxunma sayı: 575

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri bir sıra məqamları ilə diqqəti cəlb edir. Səfər zamanı Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb. Kreml hələ səfərdən öncə Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətinin və perspektivlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının, eləcə də regional gündəliyin aktual məsələlərinin, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə edilməsinin planlaşdırıldığını bəyan etmişdi”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat xatırladıb ki, bundan öncə Paşinyan bir neçə dəfə Rusiyaya səfərini təxirə salıb. Ermənistan hökumətinin rəhbəri KTMT və MDB müstəvisində görüşlərdə iştirakdan imtina edib. Bu isə onun son illərdə tutduğu “qərbpərəst” siyasi xətti ilə əlaqələndirilir:  “Avropa İttifaqı üzvlüyünə namizədlik hədəfi müəyyənləşdirən Ermənistan son illərdə açıq şəkildə Moskvanın orbitindən imtina edərək Qərbin çətiri altına sığınıb. Bu mənada Paşinyanın Moskva səfəri kifayət qədər suallar doğurur. Böyük ehtimalla, bu səfərin iyunda Ermənistanda keçiriləcək parlament seçkilərilə əlaqələndirmək mümkündür. Çünki Paşinyanla Putinin görüşündə seçki məsələsi də diqqət mərkəzində olub. Hazırda Ermənistanda seçkilər ərəfəsində daxili siyasi gərginlik artıb. Bu da sirr deyil ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində maraqlıdır. Parlament seçkilərində əsas müxalifət təmsilçiləri olan iş adamı Samvel Karapetyan və keçmiş prezident Robert Köçəryanın Rusiyayönümlü olması heç kimə sirr deyil. Bu baxımdan, Moskvanın seçkilərdə onların qələbə qazanmasına maraqlı olması şübhə doğurmur”. 

Millət vəkilinin sözlərinə görə, Paşinyan hazırkı şəraitdə Rusiya və Qərb arasında “manevr” etməyə çalışır. Qərblə əlaqələri gücləndirən rəsmi İrəvan bunun Rusiyaya qarşı yönəlmədiyini, Ermənistanın Rusiya ilə əlaqələrin yüksək səviyyədə olmasına maraqlı olduğunu bəyan edir. Lakin Moskva prosesləri izləyir, öz forpostu olan Ermənistanın Qərblə yaxınlaşmasını həzm edə bilmir. Nəzərə alaq ki, Ermənistan artıq bir neçə ildir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etmir. Daha doğrusu, qurumda fəaliyyətini dondurduğunu bəyan edən İrəvan üzvlük haqqını belə ödəmir. Bu ölkə təşkilat çərçivəsində keçirilən fərqli strtukturların görüşlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir. 

“Bütün bunlar Rusiyanın diqqətindən yayınmır. Məlumdur ki, Rusiyanın Ermənistanda hərbi bazası var. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Baza ümumilikdə 13 döyüş və 17 təchizat- təminat bölməsindən ibarətdir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi, Miq-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterləri də var.

İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb. Eyni zamanda, Rusiyanın Ermənistana qarşı iqtisadi təsir imkanları kifayət qədər güclüdür. Əgər Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldırsa bu ölkədə sosial böhran yarana bilər. Putin Paşinyanla görüşdə bütün bunlara eyham vurub”, - deputat əlavə edib. 

Samir Vəliyev qeyd edib ki, son illər Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi də əhəmiyyətli dərəcədə artıb. Ticarət dövriyyəsinin 6 milyard dollara çatması reeksportun nəticəsidir. Yəni, bu, Rusiyanın Qərbin sankisyalarından yayındırılması əsasında baş verir. 

“Rusiya ilə yanaşı Qərb də Ermənistanın daxili işlərinə aktiv şəkildə qarışır. Digər ölkələrdə siyasi proseslərə insan haqları prizmasından yanaşan Qərbin Ermənistandakı gərginliyə və proseslərə yumşaq yanaşması da bundan qaynaqlanır. Bütövlükdə, bu gün Ermənistan Rusiya ilə Qərb arasında qarşıdurma meydanına çevrilib. Əgər Rusiya ilə Qərb arasında qaynar müharibə Ukraynada gedirsə, soyuq müharibə məhz Ermənistanda aparılır”,-deyən deputat əlavə edib ki, bu proseslər fonunda Azərbaycanın müstəqil siyasəti, Prezident İlham Əliyevin qətiyyəti, bütün güc mərkəzləri ilə münasibətlər qurması ölkəmizin  maraqlarını təmin edir. Azərbaycan Cənubi Qafqazın qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsində maraqlıdır. Ölkəmizin beynəlxalq güclərlə əməkdaşlığı məhz bu hədəfə istiqamətlənib.